Xəbərlər
Vüqar Bayramov: Azərbaycan turizm sektorunda mövcud potensialın qorunub saxlanması üçün dəstəyi davam etdirəcək
“Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsini özündə ehtiva edir. Bu baxımdan turizm enerji sektorundan sonra ölkəyə valyuta gətirən ən vacib sektorlardan biridir. Nəzərə alsaq ki, ötən il turizmin inkişafı baxımından yaddaqalan il olub. Belə ki, keçən il ölkəyə 3 milyondan çox turist gəlib. Bu, ölkəyə gələn turistlərin sayının illik olaraq 15 faiz artması deməkdir. Əcnəbilər ötən il Azərbaycanda 2 milyard dollara yaxın vəsait xərcləyiblər. Bu da ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir”. Bu fikirləriMilli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, biz 2015-ci ildən sonra turizm sektorunun daha çox inkişaf etməsini müşahidə edirik. Əvvəlki illərdə formalaşan infrastruktur ölkəyə daha çox turistin gəlməsinə imkan yaradıb. Vizaların verilməsi sisteminin elektronlaşması, eləcə də bu istiqamətdə şəffaflığın gücləndirilməsi də Azərbaycana gələn turistlərin sayına birbaşa təsir göstərib. Azərbaycan hər zaman turizmə dövlət dəstəyi nümayiş etdirib.
“Turizm sektorunda infrastrukturun və logistik xidmətlərin inkişaf etdirilməsi, eləcə də turizm şirkətlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə bağlı dövlət tərəfindən dəstək olub. Pandemiya ölkəmizə turist axınına birbaşa təsir göstərdi. İqtisadi paket çərçivəsində turizmdə çalışan sahibkarlar dövlət dəstəyindən istifadə edə bildilər. Dövlətimizin başçısının siyasi iradəsi pandemiyanın təsirlərini bütün sektorlar üzrə minimumlaşdırmaqdan ibarət olduğunu nəzərə alsaq, pandemiyanın davam etdiyi növbəti aylarda da dövlət dəstəyi davam edəcək. Bu isə ondan xəbər verir ki, növbəti dövrlərdə də turizm dövlət dəstəyinin gücləndiriləcək sektorlardan olacaq. Azərbaycan turizm sektorunun və bu sahədə çalışan sahibkarların, vətəndaşlarımızın daha yaxından dəstəklənməsi siyasətini davam etdirir. Azərbaycan bu sektorda mövcud potensialın qorunub saxlanması üçün dəstəyi davam etdirəcək”-deyə, deputat qeyd edib.