Xəbərlər
Kamilə Əliyeva: Prezident İlham Əliyevin təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir
“Koronavirus təkcə yoluxucu, qorxulu, ölümcül xəstəlik deyil, eyni zamanda, son dərəcə sarsıdıcı, ağır, humanitar təhlükələr yaradan, dövlətlərin məcburi özünütəcridinə yol açan pandemiyadır. Belə bir məqamda isə bütün dünyanın qəbul etdiyi liderin və ya liderlərin təşəbbüslərinə, həmrəylik çağırışlarına böyük ehtiyac duyulur”. Bu fikirləriyap.org.az saytına Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev məhz o liderlərdəndir ki, forsmajor durumlarda, çətin məqamlarda onun söylədiyi hər söz, hər kəlmə, irəli sürdüyü hər ideya bəşəriyyət tərəfindən qəbul olunur, hörmətlə qarşılanır, dəstək qazanır. Təsəvvür edin ki, koronavirusu dünya müharibəsi ilə müqayisə edirlər.
“Cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. Dövlətimizin başçısının bu təklifi Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb və xüsusi sessiyasının keçirilməsi ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlanıb. Müvafiq prosedurlardan keçdikdən sonra 130 ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə rəsmi şəkildə dəstək verib. BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir”-deyə, deputat qeyd edib.