YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ağalar Vəliyev: Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsinə şərait yaradacaq

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürülür və bu istiqamətlərdə əməli işlər görülür. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz bu qlobal həmrəyliyin nümunəsi kimi dəyərləndirilməlidir  ” . Bu fikirləri Kütləvi İnformasiya Vasitələrinə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.

Millət vəkili qeyd edib ki, pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla yanaşı bir sıra sosial, iqtisadi və humanitar fəsadlar doğurub. Belə bir şəraitdə fraqmentar xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa ehtiyac vardır ki, bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirilib.  

Həmçinin, Qoşulmama Hərəkatının sədri kimi dövlət başçımızın təşəbbüsü ilə may ayında Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, bir sıra beynəlxalq təşkilatlar yüksək çinli nümayəndələr səviyyəsində təmsil olunub.

Cənab Prezident bu onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. Dövlət başçımızın  bu təklifi Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb və xüsusi sessiyasının keçirilməsi ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlanıb.

Deputat vurğulayıb ki,  BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir.

Hazırda koronavirus pandemiyasının davam etməsi dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində dövlət və hökumət başçılarının  təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən bu bəladan çıxış yollarını birgə müzakirə edilməsinə və həll yollarının tapılmasına həqiqətən də böyük tələbat var.

Ağalar Vəliyev xüsusi sessiyanın pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacağına, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.