Xəbərlər
Əhliman Əmiraslanov: Əgər qaydalara əməl olunmasa virus hər birimizin ailəsinə daxil ola bilər, hər birimiz süni nəfəs aparatına qoşula bilərik
“Koronavirus pandemiyası ilə əlaqədar dünya ölkələrində durum gərginləşir. Virus bəşəriyyət üçün bəlaya çevrilib. Pandemiyanın ilk iki ay ərzində dünyada 100 min insan virusa yoluxmuşdusa, indi 24 saat ərzində virusa yoluxanların sayı 180 min nəfərdir. Bu, son dərəcə yayılmağa meyilli virusdur”. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, son 14 gün ərzində Azərbaycanda virusa yoluxanların sayı 50 faiz artıb: “Bu, ciddi məsələdir. Yoluxmanın artması Azərbaycan səhiyyəsinə təzyiq yaradır. Baxmayaraq ki, tibb müəssisələrimizin maddi-texniki bazası, həkimlərimizin peşəkarlığı yüksəkdir, amma yaranmış durum səhiyyə sisteminə təsir edir. Pandemiya başladığı ilk vaxtlarda insanlar simtompları hiss edən zaman müraciət edirdilərsə, indi ağırlaşandan sonra xəstəxanalara müraciət edirlər. Onu da qeyd edim ki, dünyada virusa yoluxanların sayı artsa da, Avropanın bir sıra ölkələrində yoluxma azalıb. Bunun səbəbi isə insanların qaydalara əməl etməsi, sosial izolyasiya qaydalarına riayət olunması və tibbi maskalardan istifadə olunmasıdır. Əgər virusa yoluxmuş insanla sağlam insan maska taxarsa, onda sağlam insanın xəstəliyə yoluxması ehtimalı 1 faizdir”.
Komitə sədri deyib ki, koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün mümkün addımları atır: “Amma hər bir vətəndaş da qaydalara əməl etməlidir. Buna görə də, tədbirlər sərtləşdirilməlidir. Vətəndaşlar anlamalıdır ki, əgər qaydalara əməl olunmasa virus hər birimizin ailəsinə daxil ola bilər, hər birimiz süni nəfəs aparatına qoşula bilərik. Ona görə də, hər kəs bunu nəzərə almalı və qaydalara ciddi şəkildə əməl etməlidir”.