Xəbərlər
Prezident İlham Əliyevin qlobal əməkdaşlıq və həmrəyliyə xidmət edən təşəbbüsləri beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılanır
İndi dünyanın sosial-iqtisadi və humanitar mənzərəsi olduqca mürəkkəb xarakterə malikdir. Çünki yeni növ koronavirus (COVID-19) infeksiyasının sürətlə yayılaraq 200-dən çox ölkəni cənginə alması ciddi qlobal problemlərin və qeyri-müəyyənliyin meydana çıxmasına səbəb olub. Bir çox inkişaf etmiş dövlət səhiyyə böhranı və sosial-iqtisadi problemlərlə üz-üzə qalıb. Dövlətlərin öz zəruri resurslarını və potensial imkanlarını maksimum səviyyədə səfərbər etmələrinə baxmayaraq, “COVID-19” adlı pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq mümkün olmayıb. Ona görə də pandemiya şəraitində qlobal təşəbbüslərin irəli sürülməsi, səylərin birləşdirilməsi ehtiyacı meydana çıxıb.
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenə də qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürüb. Koronavirus pandemiyasının müşahidə edildiyi ilk zamanlarda Prezident İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik təşəbbüslər ortaya qoyulub, regional və beynəlxalq səviyyədə resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bu mütərəqqi ideya və təşəbbüslərin beynəlxalq səviyyədə böyük maraqla və rəğbətlə qarşılanması isə Azərbaycana olan inam və etimadın daha bir bariz nümunəsidir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət Azərbaycan dünyada böyük etimad qazanaraq nüfuzlu dövlətə çevrilməsini təmin edib
Ümumiyyətlə, müstəqil Azərbaycanın dünyada böyük etimad qazanması, güclü və nüfuzlu dövlət olaraq etibarlı tərəfdaş kimi tanınması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin rəhbərliyi ilə çoxşaxəli və milli maraqlara əsaslanan səmərəli xarici siyasət həyata keçirilib, bunun nəticəsində Azərbaycanın dünya birliyinə uğurlu inteqrasiyasının əsası qoyulub. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən qısa müddət sonra BMT-nin üzvü olan böyük, nüfuzlu dövlətlərə səfərlər edib, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı istiqamətində mühüm addımlar atılıb və real nəticələr əldə olunub.
Ən mühüm məqamlardan biri budur ki, Ulu Öndər Heydər Əliyev bir neçə dəfə BMT Baş Məclisinin iclaslarında iştirak edərək bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Ulu Öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini beynəlxalq birliyin diqqətinə çatdırıb. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxışı zamanı da Ümummilli Lider Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, həmçinin beynəlxalq təhlükəsizlik məsələlərinə dair Azərbaycanın mövqeyini qətiyyətlə bəyan edib.
Bu məqamda haşiyə çıxaraq bir nüansı xatırlatmaq yerinə düşər. Belə ki, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə antimilli xarakterli və yarıtmaz addımlar nəticəsində Azərbaycanın həm qonşu dövlətlərlə münasibətlərində gərginliklər meydana çıxmış, həm də ölkəmiz dünya siyasətində heç bir nüfuz qazanmamış, hətta mənfi imicə malik dövlət kimi tanınmışdır. Həmin dövrdə cəmi bir xarici səfər həyata keçirilmişdir ki, burada da böyük biabırçılıqlar müşahidə edilmişdir. Belə ki, nəzərdə tutulmuş plan-qrafikə və müəyyən olunmuş protokola əsasən 30 nəfərin aparılmalı olduğu Türkiyə səfərinə 90 şəxsin gedişi təşkil olunmuşdu. Hətta təşkil olunmuş tədbirdə bu yarıtmaz komandanın üzvlərinin siyasi etika və mədəniyyətdən uzaq davranışlarına görə qardaş Türkiyənin o zamankı Baş Naziri Süleyman Dəmirəli zalı tərk etmişdi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə isə Azərbaycan dövlətinin beynəlxalq arenada müsbət imici formalaşmış, nüfuzu davamlı olaraq artmışdır. Eyni zamanda, Lissabon sammiti, digər mühüm zirvə toplantıları çərçivəsində və sonrakı dövrdə müxtəlif bəyanatlar, sənədlər kontekstində Azərbaycanın ərazi bütövlüyünə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar haqlı və ədalətli mövqeyinə birmənalı dəstək ifadə olunmuşdur. Bunlarla yanaşı, Ümummilli Liderin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan həm ikitərəfli münasibətlərini inkişaf etdirərək, həm də nüfuzlu beynəlxalq təşkilatlarda təmsilçiliyini gücləndirərək qlobal taleyüklü məsələlərin həllinə öz töhfələrini verib. Ölkəmiz regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında, əməkdaşlığın möhkəmlənməsində fəal rol oynayıb.
Ölkəmiz beynəlxalq əməkdaşlıq və təhlükəsizliyə mühüm töhfələr verir
Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ümummilli Liderin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilib. Xüsusilə də, uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun davamlı olaraq artmasını təmin edib. Bu reallığı əks etdirən çoxsaylı faktlar mövcuddur. Onlar sırasında 2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsi xüsusi vurğulanmalıdır. Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirib, bu dövrdə dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr aparılıb. 2012-ci il may ayının 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və Azərbaycanın prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. Bununla yanaşı, 2013-cü ilin oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. Ümumilikdə, ölkəmizin bu quruma sədrliyi müddətində ümumilikdə qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib. Bir sözlə, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və öz qətiyyətli mövqeyini ortaya qoyub.
Azərbaycan qlobal sülhə və həmrəyliyə xidmət edən məqsədyönlü addımlar atır
Bunlarla yanaşı, tolerantlıq nümunəsi olan Azərbaycanın multikultural dəyərləri və sivilizasiyalararası dialoq ideyasını beynəlxalq miqyasda təbliğ etməklə qlobal sülh və inteqrasiya prosesinə vacib töhfələr verir. Ölkəmiz mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edir, Azərbaycanda regional və qlobal əhəmiyyətli məsələlər, qlobal proseslər xüsusi müzakirə obyektinə çevrilir. Yəni Azərbaycan öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələr verir. Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu kimi mühüm tədbirlər, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu yarışlar məhz beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanda keçirilir. Bütün bunlar isə beynəlxalq mütəvidə qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır.
Qeyd etdiyimiz məsələlər fonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi vurğulamaq lazımdır. Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən mütərəqqi ideyalar və təşəbbüslər ümumbəşəri əhəmiyyətə malik olmaqla dünyada xalqlarası əməkdaşlığın möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun güclənməsinə xidmət etməklə yanaşı, Azərbaycanın ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında, ölkəmizin beynəlxalq nüfuzunun artmasında mühüm rola malikdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva indiyədək mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.
Bütün bu faktlar isə, ümumilikdə, Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun və yüksək nüfuzunun bariz nümunələrini təşkil edir.
Azərbaycan Prezidenti liderlik nümayiş etdirərək pandemiyaya qarşı mübarizədə bəşəriyyət üçün çox önəmli ideyalarla çıxış edir
Yuxarıda qeyd etdiyimiz kimi, “gözəgörünməz düşmənlə müharibə”
kimi xarakterizə olunan pandemiya şəraitində Azərbaycan qlobal həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüsləri ilə fərqlənir. Bu zamana qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə çərçivəsində çox mühüm, ardıcıl və məqsədyönlü addımlar atılıb. Eyni zamanda, ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib.
Digər tərəfdən, Azərbaycan Prezidenti cənab İlham Əliyev çox əhəmiyyətli təşəbbüslər və ideyalarla çıxış edib, mühüm praktik addımlar atılıb. Dövlətimizin başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirilib. Xatırlatmaq lazımdır ki, Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub.. Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak ediblər. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Bundan sonra təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. Heç şübhəsiz, BMT-nin 130-dək üzv dövləti tərəfindən bu təşəbbüsün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti göstəricisidir. Ən mühüm məqamlardan biri odur ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir.
Beləliklə, Prezident İlham Əliyev üçün dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli Liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan bir daha qlobal taleyüklü məsələdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir.
Siyavuş Novruzov
YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri