Xəbərlər
YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələrdə məsuliyyət” mövzusunda videokonfrans keçirildi
ABŞ Prezidenti Donald Trampın imzaladığı “Onlayn senzuradan müdafiə barədə” sərəncam tək dünya mediasında deyil, hətta sosial şəbəkələrdə də çox ciddi müzakirə mövzusuna çevrilib. Təbii ki belə olan təqdirdə sosial şəbəkələrin genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir. Sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır. Bununla bağlı olaraq gənclərin sosial şəbəkələrdən düzgün formada istifadə etməsi məqsədi ilə bu gün YAP Gənclər Birliyinin təşəbbüsü ilə “Sosial şəbəkələrdə məsuliyyət” mövzusunda videokonfrans keçirildi. Videokonfransda Milli Məclisin deputatları Etibar Əliyev, Ramin Məmmədov, Naqif Həmzəyev, Bəhruz Məhərrəmov, Kamal Cəfərov və 80-dən çox YAP Gənclər Birliyinin fəal üzvü iştirak etdi.
Müzakirə zamanı bütün dünyada çox mənfi tendensiyanın hökm sürdüyü, sosial şəbəkələrə çıxışı olan hər bir şəxsin platformaların imkanlarından istifadə edərək, müxtəlif vəzifəli şəxslərə, siyasi qruplara qarşı çirkin kampaniya aparması, həmçinin sosial şəbəkələrdə terrora, qanunazidd əməllərə, siyasi quruluşun zorla dəyişdirilməsinə təhrik edən paylaşımların müxtəlif qruplar tərəfindən digər ölkələrin rəhbərliklərinə qarşı istifadə olunması diqqətə çatdırıldı. Milli Məclisin deputatları və konfrans iştirakçıları sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan bu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir deyə vurğuladılar. Həmçinin internet üzərindən terrora, müharibəyə, qarşıdurmaya, vətəndaşlara təhqir çağırışları varsa, eyni zamanda ictimaiyyətə başqa formada fikirlər çatdırılırsa və bu da çaşqınlıq yaradırsa, bunun qarşısı alınmalı və insanlar öz məsuliyyətlərini dərk etməli, sosial platformaların sahibləri isə bu məsələdə istifadəçilərə ciddi qadağalar tətbiq etməlidirlər kimi fikirlər səsləndirildi.
Sonda videokonfrans iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, gənclərin təklifləri dinlənildi.