Xəbərlər
Naqif Həmzəyev: Pandemiya şəraitində ilk köməyə çatan polislərimiz oldu
Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, ölkədə ictimai asayişin, təhlükəsizliyin mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Azərbaycan polisinin böyük vətəndaşlıq məsuliyyətini, cəsarətini hər zaman yüksək qiymətləndirən Ulu öndərimiz Heydər Əliyev polisin Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqan olduğunu qeyd edib.
BunuMilli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, koronavirus pandemiyasının bəşəriyyəti sınağa çəkdiyi günlərində, pandemiya dövründə fəaliyyəti ilə ən çox yadda qalan, nümunə sərgiləyən, vətəndaşın yanında olan peşə sahiblərindən biri də Azərbaycan polisi oldu.
Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, hərbi qulluqçularımızla yanaşı polis əməkdaşları da fəalliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayandılar. Vətənimizin təhlükəsizliyi, insanların sağlamlığının qorunması naminə hər kəsin birlik olduğu, yenilməzlik nümayiş etdirdiyi zamanda Azərbaycan polisi fədakarlıq nümayiş etdirdi. Hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalan şərəfli peşə sahibləri ciddi rejimdə tapşırıqlarının öhdəsindən layiqincə gəldilər. Onlar bu ağır, çətin günlərdə həyatlarını təhlükə altına alaraq, daim vətəndaşların təhlükəsizliyi keşiyində dayandılar.
Azərbaycan polisi yağışın,soyuğun, küləyin, qızmar günəşin yaratdığı narahatlıqlara məhəl qoymadan vəzifə borclarına sədaqət nümayiş etdirdilər.Yolda qalanın, yardıma ehtiyacı olanın, xəstə insanların ilk köməyinə çatan polislərimiz oldu. Onları əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, xəstələrə tibbi ləvazimatların, dərmanların çatdırılmasında ön sıralarda gördük. Koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işlərində də polislərimizin fəaliyyəti əvəzsiz oldu. Polisin vətəndaşlarla kobud davranışının şahidi olduğumuz bəzi demokratik ölkələrdən fərqli olaraq Azərbaycan polisi bəzən vətəndaşlarımızın haqsız rəftarı qarşısında belə nəzakət nümayiş etdirdilər, yüksək peşəkarlıqla humanist mövqe sərgilədilər. Məhz bunun üçün hər bir vətəndaş onu qoruyan, onun təhlükəsizliyini təmin edən polis əməkdaşını gördükdə özünü güvəndə hiss edir.