Xəbərlər
Sevinc Fətəliyeva: Azərbaycan polisi öz vəzifəsini şərəflə yerinə yetirir
“Hər bir ölkə vətəndaşlarını böhrandan az itki ilə çıxartmaq üçün öz strategiyasını, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və metodlarını tətbiq edir. Hökümətimiz də pandemiyanın ilk günlərində qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamağa nail oldu. Əhalinin sağlamlığının qorunması istiqamətində qabaqlayıcı tədbirlərin müsbət nəticə verməsi ilə aprelin 27-dən Azərbaycanda da karantin rejiminin yumşaldılmasına, rejimdən mərhələli şəkildə çıxmağa başlanıldı. Biz özümüzlə, öz birliyimizlə qürur duyduq! Lakin, bəzi insanların məsuliyyətsizliyi və məsələni ciddiyə almaması bu gün karantin rejiminin sərtləşməsi ilə nəticələndi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, dəfələrlə müraciət olunmağına baxmayaraq, kimlərsə bu məsələyə səthi yanaşdı və qaydalara əməl etmək məsələsini unutdu. Son nəticə günün reallığıdır. Unutmaq lazım deyil ki, bizlərin hər birimizin məsuliyyətli olması olduqca vacibdir, çünki insan itkisinə səbəb olan hərəklərə yol vermək qəbuledilməzdir və acı sonluqdur. Hər bir vətəndaş şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Çox təəssüf edirəm ki, bəzi insanlar tərəfindən dünən hər birimizə məlum olan məsələlər baş verdi və ədalətsiz münasibətin şahidi olduq !
Millət vəkilinin sözlərinə görə, respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Azərbaycan polisi hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır və dünən biz bunu onların fəaliyyətində, insanlara olan münasibətində bir daha şahid olduq. Onlar vəzifə borclarını yerinə yetirməkdən əlavə hər bir kəsə övlad, qardaş münasibəti sərgilədilər.
“İndi Azərbaycan polisinin işi təkcə insanları cinayətkardan yox, həm də öz məsuliyyətsizliyindən qorumaqdır. Xüsusi karantin rejimi ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyən polislərimiz təmkinlə, səbrlə insanları maarifləndirmə işləri aparırılar. Qanun qarşısında hər kəs eynilik daşıyır və bu qaydalara əməl etməyən, buna ciddi yanaşmayan kəslər sözsüz ki, etdiyi əməlin qanuni cavabdehliyini daşımalıdır. Baş verənlər, öz vəzifəsini icara edənlərə qarşı sərt münasibət və qeyri-etik davranış sərgiləmək heç də xoşagələn deyil və ürəkaçan mənzərə yaratmır. Vətəndaşlarımız həyata keçirilən tədbirləri anlayışla qarşılamalıdır. Məqsəd yalnız və yalnız vətəndaşlarımızı, insanlarımızı qorumaqdır. Bunu başqa məcraya yönəltmək, mənasız mülahizələr yürtmək zamanı deyil! Birlik nümayiş etdirməliyik, həm maddi, həm mənəvi müstəvidə. Tövsiyələrə sözsüz əməl edilməlidir . Azərbaycan bu imtahandan üzüağ çıxmalıdır, virusa həmrəyliyimiz, birliyimizlə qalib gəlməliyik. Bunun üçün isə koronavirusun təhlükəli bir epidemiya olduğunu qəbul etmək və lazımi tədbirlərin həyata keçməsində bir-birimizə dəstək durmalıyıq”-deyə, S.Fətəliyeva vurğulayıb.