Xəbərlər
Jalə Əliyeva: Avropa Şurası hər zaman Azərbaycana qarşı ədalətsiz və haqsız mövqeyi ilə seçilib
“Azərbaycan müstəqillik əldə etdiyi 29 ildə dünya ailəsinin layiqli bir üzvünə çevrilib. Belə ki, Azərbaycan BMT-də daxil olmaqla, bütün nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Əməkdaşlıq etdiyimiz, tam və bərabərhüquqlu üzvü olduğumuz təşkilatlardan biri də 70-dən çox yaşı olan Avropa Şurasıdır. 20 ilə yaxındır ki, Azərbaycan bu təşkilatda iştirak edir, bu təşkilatın Parlament Assambleyasında nümayəndə heyəti ilə təmsil olunuruq. Hər bir beynəlxalq təşkilatla olduğu kimi, Avropa Şurası ilə də, onun Parlament Assambleyası ilə də səmimi, konsrtuktiv əməkdaşlıq niyyətlərimizi həm sözümüzlə, həm də əməli fəaliyyətimizlə ortaya qoymuşuq. Ancaq çox təəssüflər olsun ki, hər zaman Avropa Şurasından, onun təsisatlarından özümüzə, dürüst və səmimi niyyətlərimizə qarşı ögey, biganə, qərəzli mövqe görmüşük”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, Avropa Şurası hər zaman Azərbaycana qarşı ədalətsiz və haqsız mövqeyi ilə seçilib. Bu təşkilat ermənipərəst anti-Azərbaycan dairələrin təsiri altında olub, onların tribunasına çevrilib. Qurum Avropanın, aparıcı Qərb ölkələrinin özündə, demokratik dəyərlərin, insan hüquqlarının təmin edilməsindən gecə-gündüz danışanların, xalqlara, dövlətlərə dərs keçənlərin özlərində bu ümumbəşəri dəyərlərin hər an pozulmasına qarşı daim səssiz qalıb. Avropa ölkələrində Afrikadan, Orta və Yaxın Şərqdən gələn miqrantlara hansı münasibətin sərgiləndiyi hamımızın gözləri önündədir. Ksenefobiya, islamafobiya, antisemitizm Avropada tüğyan edir, amma bir dəfə olsun belə, AŞPA-nın səsi, etirazı eşidilmir. Eyni zamanda, başqa bir ölkənin ərazisini illərdir işğal altında saxlayan, bir milyondan artıq insanı ata-baba yurdlarından qaçqın-köçkün salan, faşizmi, rasizmi, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistana qarşı bəlkə bu təşkilatın sərt, kəskin mövqeyini, etirazını görən olub? İşğala və təzavüzə məruz qalan, 32 ildir bundan əziyyət çəkən bir xalq, bir dövlət olaraq, bizlər bunu görməmişik, eşitməmişik... Əksinə, Xocalı kimi 20-ci əsrin insanlıq dramını yaşadan Emənistanın qanlı cinayətkar rejiminin rəhbərlərinin-Sarkisyanların, digərlərinin tribunasına çevrilib bu qurum...
“Xocalı soyqırımını törətdiyini etiraf edən və şəstlə bunu AŞPA-nın tribunasından bəyan edən görəsən kim olub? Hərbi cani Sarkisyana bu tribunanı verən-ona qaşın üstə gözün var deməyən görəsən kimdir, hansı qurumdur? Məhz AŞPA, Avropa Şurasının rəhbərliyi...Uzun illərdir Ermənistanın özündə insan haqları kobud şəkildə pozulur, tapdalanır, insanlar incidilir, təqib olunur, həbsxabanalara doldurulur, qətlə yetirilir, amma bir dəfə olsun belə Avropa Şurası, AŞPA onlara heç nə demir, heç bir təzyiq mexanizmini işə salmır, bütün qanunsuzluqları görməzdən, eşitməzdən gəlir...Amma Azərbaycanda ən xırda nöqsanı şişirdib, onun ətrafında linç məhkəməsi qurmağa, Azərbaycana qarşı olmazın böhtanlar və iftiralar yağdırmağa çalışır, cəhd edir...Deməli, bu qurumun məqsədi heç də demokratiyanın, insan hüquqlarının təmin edilməsi, müdafiəsi deyil, öz hökümünü, öz diktəsini yeritmək, qəbul etdirməkdir...Ancaq unudurlar ki, onların qarşısında görmək istədikləri və arzuladıqları "banan respublikası" olan Azərbaycan deyil...Onun qarşısında dayanan güclü, qüdrətli, demokratik, hüquqi, dünyəvi müstəqil Azərbaycan Cümhuriyyəti, onun müdrik lideri İlham Əliyevdir... Azərbaycan dövləti və dövlət başçısı heç bir qüvvəyə, o cümlədən, AŞPA-ya onunla diktə, təzyiq, zor dilində danışmağa imkan verməyib, bu gün də imkan vermir, sabah da imkan verməyəcək...Əgər AŞPA, Avropa Şurasının digər təşkilatları azacıq olsa belə, öz elan etdikləri dəyərlərə sadiq olsaydılar, işğalçı Ermənistanın dəstəklədiyi qondarma, çinayətkar "DQR" rejiminin növbəti "seçki şousu"na, Şuşadakı "andicmə mərasimi" təxribatına dərhal qiymət verər, tutarlı mövqeyini ifadə edərdi. Amma etmədi, yenə də, ermənipərəst mövqeyinə, antiAzərbaycan siyasətinə "sadiq" qaldı, bir daha iç üzünü, mahiyyətini nümayiş etdirdi... Elə hesab edirəm və bu, belədir, AŞPA-ya ən gözəl və sərrast qiyməti dövlət başçımız cənab İlham Əliyev verdi. Cənab İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında tarixi çıxışı zamanı bunları dedi:"...Bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolonu", satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə də Avropa Şurası bu saxta seçkilər haqqında səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!" Hesab edirəm ki, bu açıqlamanın geniş şərhinə, əlavə izahatına da ehtiyac qalmır. Əsl, düzgün və sərrast mövqe, qiymət...Ancaq AŞPA-dakılar da, digər beynəlxalq qurumlardakı ermənipərəst antiAzərbaycan dairələr də bilsinlər, unutmasınlar ki, cəhdlərinin, səylərinin bu günə kimi heç bir nəticəsi olmayıbsa, bundan sonra da olmayacaq. Hər zaman məğlubiyyətə, fiaskoya uğrayacaqlar. Azərbaycan isə öz müstıqil dövlətçilik xətti-yolu ilə gedəcək, zəfərlərinə zəfər qatacaq, kimsənin köməyi, rəyi, icazəsi olmadan da bütün ərazilərində öz suveren hüquqlarını təmin və bərpa edəcəkdir!”-deyə, J.Əliyeva vurğulayıb.