Xəbərlər
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü ilə əlaqədar bəyannamə imzalayıb
ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü ilə əlaqədar olaraq rəsmi bəyannamə imzalayıb.
Bəyannamədə 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.
P.Rikets Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə bolşeviklər tərəfindən işğal edildiyini, 1991-ci ildə isə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğunu vurğulayır. Bildirir ki, Azərbaycan son 29 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndirmiş və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Bəyannamədə bu il Azərbaycan Xalq Cümhuriyyətinin 102 illiyinin qeyd olunması ilə əlaqədar olaraq 28 may tarixində ABŞ-da və dünyanın digər yerlərində yaşayan Azərbaycanlılar tərəfindən Milli Gün olaraq qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı bildirilir.
Qubernator imzaladığı bəyannamədə 2020-ci il 28 may tarixini Nebraska ştatında Azərbaycan Milli Günü elan edir.
P.Rikers bəyanatı Azərbaycan tərəfinə təqdim edilməsi üçün Nebraskanın dövlət katibi Robert Evnenə təqdim edib.