Xəbərlər
Əli Hüseynli: Biz ölkə başçısının 102 illiyini qeyd etdiyimiz dövlətimizlə bağlı verdiyi izahatların təhrif edilməsinə heç bir halda yol verməməliyik
“Azərbaycan Prezidenti İlham Əliyev “Qobu park – 3” yaşayış komleksinin açılışında bir qrup məcburi köçkünlə görüşü zamanı çox vacib, tarixi əhəmiyyətli fikirlər söylədi və bir çox tarixçi alimlərə dərs keçdi. Dövlətimizin başçısı Azərbaycan Xalq Cümhuriyyətinin o dövrdə çətinliklə gördüyü müstəsna əhəmiyyətli işləri xatırlamaqla yanaşı, həm də buraxılmış səhvləri, o dövrdə buraxılmış səhvlərin şərti olması, İrəvanın Ermənistana verilməsi kimi problemli məsələlərə toxundu. Eyni zamanda, cənab Prezident 1980-ci illərin sonunda baş verən proseslərə qayıtdı, AXC-nin üçrəngli bayrağının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda hələ sovetlər ittifaqının güclü olduğu vaxt dalğalandırılması ilə bağlı fikirlər söylədi”. Bu fikirləri Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Əli Hüseynli bildirib ki, Cənab Prezidentin həmin dövr tariximizlə, o cümlədən Xalq Cümhuriyyəti ilə bağlı söylədiyi fikirlər həm tövsiyə xarakteri daşıyırdı, həm də xoş niyyətli tarixi analiz idi. Məqsəd bundan ibarətdir ki, səhvlərdən, problemlərdən nəticə çıxarmalı və bir də belə çətinliklərlə üzləşməməkdən ötrü hansı işləri görməliyik. Onun fikrincə, məhz bu cür düzgün tarixi analiz nəticəsində Azərbaycan heç zaman olmadığı kimi müstəqil və güclüdür.
“Buna görə də, real müstəqil güclü siyasi liderinin qəbul etdiyi qərarlar nəticəsində Ramil Səfərov indi azadlıqdadır. Baxmayaraq ki, o zaman bir çox təzyiqlərlə üzləşmişdik. Bunları ona görə xatırladıram ki, son dövrlər cənab Prezidentin bu çıxışını, verdiyi tarixi analizə tarixçilər, politoloqlar düzgün qiymət vermədilər. Biz radikal müxalifətin, “Milli şuranın” üzvlərinin yanaşmalarını bilirik. Təəssüf ki, bəzi mətbuat orqanları dövlət başçısının çıxışını düzgün analiz etmədilər. Hesab edirəm ki, biz ölkə başçısının 102 illiyini qeyd etdiyimiz dövlətimizlə bağlı verdiyi izahatların təhrif edilməsinə heç bir halda yol verməməliyik”-deyə, Ə.Hüseynli vurğulayıb.