YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri: Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir

Mayın 30-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında ordu quruculuğu məsələsinə xüsusi önəm verməsi, ordumuzun istənilən vəzifəni icra edə biləcəyini vurğulaması Azərbaycan Ordusunun döyüş qabiliyyətinə verilən ən yüksək qiymətdir və bu, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini, eləcə də döyüş əzmini daha da artırıb.

Nazir bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının bu fikirləri ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad edilməsi məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır. Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindəkindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq.

Bir neçə gün əvvəl başa çatmış genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin nəticələrini yüksək qiymətləndirən Müdafiə naziri əsas diqqətin şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki tətbiqinə yönəldiyini qeyd edib. O bildirib ki, təlimlərdə qoşunlar məqsədlərə tam nail olub, şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində yüksək bacarıq nümayiş etdirib.

General-polkovnik Z.Həsənov təlim mərkəzlərində və poliqonlarda səhra şəraitində şəxsi heyətlə keçirilən döyüş hazırlığı, praktiki atış və müxtəlif döyüş texnikalarının idarəolunması üzrə intensiv məşğələlərin keyfiyyətinin daha da artırılmasını tələb edib.

Azərbaycan Ordusunun uğurlarının təməlində duran amillərdən birinin də şəxsi heyətin ideoloji hazırlığının yüksək və mənəvi-psixoloji cəhətdən güclü olduğunu qeyd edən Müdafiə naziri Ali Baş Komandanın tövsiyələrinə müvafiq olaraq bu istiqamətdə fəaliyyətlərin daha da genişləndirilməsi və təsirliyinin artırılmasının vacibliyini xüsusi vurğulayıb.

Müdafiə naziri deyib: “Şəxsi heyətlə aparılan ideoloji işin müsbət nəticəsidir ki, düşmən və ona dəstək verən bəzi qüvvələr tərəfindən Ordumuza qarşı aparılan kampaniyalar heç bir nəticə vermir və verməyəcək. Əminik ki, cənab Prezidentin və dövlətin dəstəyi, eyni zamanda, vətənpərvər qüvvələrin səyi nəticəsində Azərbaycan əsgərinə qarşı yönələn düşmən niyyətlər ifşa olunacaq, bu aksiyalarda iştirak edənlər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaqlar”.

General-polkovnik Zakir Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan Ordusunun hərbi-texniki potensialı xeyli yüksəlib. Bölmələrimizin Türkiyə, Fransa, İspaniya, İtaliya, İsrail, Rusiya, Belarus və hərbi sənayesi inkişaf etmiş digər ölkələrdən müasir silah və hərbi texnikalar ilə mütəmadi qaydada təchiz olunması ordumuzun maddi-texniki təminat baxımından düşməndən xeyli üstün olduğunu nümayiş etdirir.

Nazir müasir texniki vasitələrin tətbiqi ilə düşmən müdafiəsinin dərinliyində aktiv kəşfiyyat fəaliyyətinin davam etdirilməsi, döyüş növbətçiliyinin aparılması şəraitinin təkmilləşdirilməsi, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsi, hərbi qulluqçuların tibbi təminatı və bir sıra digər məsələlərlə bağlı vəzifəli şəxslərə konkret göstərişlər verib.