Gündəm
Əli Əhmədov: Prezident İlham Əliyev bundan sonra da Azərbaycanın inkişafı naminə müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirəcək
«Son 11 ildə dövlətimizin başçısı İlham Əliyevin səyləri nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etmiş, beynəlxalq aləmdə ölkəmizin mövqeləri güclənmişdir. Eyni zamanda, Azərbaycan əhalisinin rifahı yüksəlmişdir. Bu dəyişiklər hər birimizin gözü önündə baş vermişdir». Bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov demişdir.
Əli Əhmədov bildirmişdir ki, hazırda Azərbaycan vətəndaşları müasir həyat standartlarına uyğun yaşayırlar. Onun sözlərinə görə, vaxtilə Azərbaycanda insanlar yalnız yaşamaq haqqında düşünürdülərsə, indi yaxşı yaşamaq haqqında düşünürlər. Bu, o deməkdir ki, insanların həyatında müsbət dəyişikliklər baş verir. Bugünkü hökumət insanların yaxşı yaşamaları üçün hər cür şərait yaratmışdır. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurudur.
Bu gün müasirləşmə siyasətinin həyata keçirildiyi Azərbaycanda sabitliyin, əmin-amanlığın ən vacib amillərdən olduğunu qeyd edən Əli Əhmədov demişdir ki, hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. Onun fikrincə, insanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir: «Bakı gözlərimizin qarşısında dünyanın mədəni mərkəzlərindən birinə çevrilir, siyasi, humanitar forumların və yüksək səviyyəli tədbirlərin keçirildiyi bir məkan kimi qavranılır, getdikcə daha çox sayda beynəlxalq təşkilatlar öz tədbirlərini paytaxtımızda keçirmək qənaətinə gəlirlər. Bunların hamısı, eyni zamanda, Azərbaycana özünü dünyaya təqdim etmək, öz imici ilə tanınmaq fürsəti verir. Hesab edirəm ki, bu, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin çox mühüm uğurlarından biri sayıla bilər. İndi dünya kiçik Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən, müasir dünyanın vacib dövləti kimi tanıyır və bu, eyni zamanda, hər bir Azərbaycan vətəndaşının vətənpərvərlik hisslərini və duyğularını qabardır».
Baş nazirin müavini qeyd etmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində indi dünya Azərbaycanı sürətlə inkişaf edən, modernləşən, yeniləşən, müasir dünyanın vacib dövləti kimi tanıyır. «Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev 11 il ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib. Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda Azərbaycanın yeni imicini formalaşdırıb. Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də, gözlərimizin önündə yeni müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Prezident İlham Əliyev bundan sonra da Azərbaycanın inkişafı naminə müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirəcək»- deyə, YAP Sədrinin müavini vurğulamışdır.