Xəbərlər
Sədaqət Vəliyeva: Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır
“Məlum olduğu kimi, Azərbaycanda cənab Prezident İlham Əliyevin Fərmanına əsasən DOST mərkəzləri yaradılır. Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhz, bu mərkəzlərdə fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, vətəndaşlarla nəzakətli davranış, açıq iş mühiti şəraitində xidmətlər göstəriləcək”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, sayca 3-cü DOST mərkəzi Nizami rayonunda yerləşir və Nizami, Suraxanı, Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək: “Əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstərəcək mərkəzdə 130 nəfərdən çox işçi və 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək”.
“DOST mərkəzlərinin yaradılması cənab Prezident İlham Əliyevin sosial sahədə apardığı islahatlar proqramına uyğun bu sahədə şəffaflığın, operativliyin, vətəndaş məmnunluğunun təmin edilməsidir” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, DOST sosial cəhətdən həssas əhali qruplarına dövlətin bu sahədə göstərdiyi xidmətlərdən yararlanması məqsədilə əlçatan, bərabərlik, şəffaflıq və ünvanlılıq prinsiplərinin tətbiq ediləcəyi mərkəzdir: “DOST Mərkəzlərinin yaradılması sosial sferada xidmətlərin şəffaflaşmasına, sosial yardımların və pensiyaların verilməsi ilə bağlı müşahidə olunan nöqsanların aradan qaldırılmasına nail olacaq. DOST vətəndaşların daha qısa zamanda sosial xidmətlərdən istifadəsi üçün yeni bir imkandır. Burada məmurlarla birbaşa ünsiyyət minimuma endiriləcək, sistemin elektronlaşdırılması vətəndaşların sosial yardımlardan və digər xidmətlərdən istifadəsini asanlaşdıracaq, əlçatanlığın yüksəldilməsinə gətirib çıxaracaq”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, DOST da ASAN Xidmət kimi şəffaf və korupsiyasız bir qurum kimi qiymətləndirilir və heç şübhəsiz bu mərkəzlər sosial sahədə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə gətirib çıxaracaq.