Xəbərlər
Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsidir
Siyavuş Novruzov,
YAP İcra katibinin müavini, Milli Məclisin
Regional məsələlər komitəsinin sədri
“Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”
Müstəqil Azərbaycanın xilaskarı, yaradıcısı, ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyat amalına çevrilən, bütün dövrlər üçün aktuallıgını qoruyan bu tezisi Onun ömrünün mənasını təşkil etmişdir. Dahi səxsiyyətin hakimiyyətinin hər iki dövrünə nəzər saldıqda yalnız və yalnız dövlətinə, xalqına bağlılığını, sevgisini görmək mümkündür. Ümummilli Liderin Azərbaycana ilk rəhbərlik etdiyi dövr ölkə tarixinə siyasi, iqtisadi, mədəni yüksəliş və intibah dövrü kimi daxil olmaqla, xalqın milli mənlik şüurunun oyanışına, özünüdərkin güclənməsinə böyük stimul vermişdir. 14 iyul 1969-cu ildə Azərbaycan KP MK-nin Birinci katibi vəzifəsinə seçilən ulu öndər Heydər Əliyev özünün yüksək idarəçilik keyfiyyətləri sayəsində o dövrdə hökm sürən Sovet ideologiyasının bütün sədlərini aşmaqla movcud olan total qadağalara baxmayaraq Azərbaycanın milli inkişaf konsepsiyasını önə çəkərək, insanları bütün sahələrdə böyük yüksəlişlərə ruhlandırmışdır. Məhz o dövrdə atılan uğurlu addımların nəticəsində Azərbaycan keçmiş İttifaqın tərkibində olan digər müttəfiq respublikalar sırasında ən sürətlə inkişaf edən ölkə olmuşdur. Ümummilli Liderin o dövrdə gordüyü işlər Onun Azərbaycanı gələcəkdə müstəqil görmək istəyini ortaya qoyurdu. Ölkənin iqtisadi qüdrətinin artırılması ilə yanaşı, təhsil və elm ocaqlarının yaradılmasına, hərbi kadrların hazırlanmasına göstərdiyi diqqət bunun bariz nümunəsidir. Həmin illərdə minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaga göndərildi, C.Naxçıvanski adına hərbi lisey yaradıldı. Bu gün böyük inamla qeyd edirik ki, müstəqil Azərbaycana hərbi sahədə ləyaqətlə xidmət edən, ali hərbi rütbələrə qədər yüksələn onlarla zabitimiz həmin məktəbin məzunları, müxtəlif dövlət strukturlarında yüksək vəzifə tutan şəxslərin əksəriyyəti məhz həmin illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Sovet İttifaqının ən aparıcı ali məktəblərində təhsil alan şəxslərdir.
Ulu Öndərin tarixi missiyasının ən parlaq dövrü isə 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlamışdır. Başqa sözlə desək, xalqımız 1991-ci ildə müstəqilliyinə qovuşsa da bu sevinci ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadı. Dahi şəxsiyyət o çətin illərdə xalqının səsinə səs verməklə bir daha Vətən, xalq, dövlət məfhumlarının onun üçün nə qədər əziz olduğunu göstərdi. Ümummilli Liderin aforizmə çevrilən “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir” tezisi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin, qorunmasının önəminə işıq saldı. Xalqımız Heydər Əliyev yolunun ölkəmizə qazandırdığı uğurları gördükcə sabaha daha böyük ümidlərlə addımladı. Vətənini, ölkəsini, xalqını sevən liderə milyonların sevgisi şəksizdir. 1993-cü ildən başlanan Heydər Əliyev yolu hər günü Azərbaycanın tarixinə uğur səhifəsi kimi yazır. Heç də səbəbsiz deyil ki, bu gün Azərbaycan xalqı beynəlxalq qurumların hesabatlarında dünyanın ən xoşbəxt xalqı kimi qərar tutub. Xalq-Prezident birliyi, həmrəyliyi davamlı uğurların, hər bir xalqın xoşbəxtliyinin açarıdır. Ən əsası azərbaycançılıq ideyası ətrafında sıx birlik müstəqillik yolunda ilk addımlarını atan bir dövlətin beynəlxalq aləmdə təqdimatına stimul oldu.
Sabitlik, firavanlıq, inkişafa aparan yol
Arxada qalan hər il Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha aydın göstərir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra hər gününü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycan sürətli inkişafı ilə sanki zamanı qabaqladı. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, bu uğurlar böyük səylərin, qətiyyətin nəticəsidir.
Təbii ki, bu inkişafın icində olan kəs bəzən əldə olunan uğurların, baş verən yeniliklərin fərqində olmur, amma baş verənləri kənardan izləyənlər nəinki gündən-günə, hətta hər saat, hər saniyə bu inkişafı görür, onun dayanıqlılığının qaçılmaz olduğunu günün əsas reallığı kimi qəbul edir. Bu inkişafa əsas verən başlıca amil ölkədə sabitliyin, insanlarda sabaha inamın yaranması idi. Azərbaycan xalqı dövlətçiliyimizin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü bir zamanda, yəni, 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etdi. 1991-ci ildən 1993-cü ilin iyununadək olan dövr cətin, təlatümlü dövr idi. Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, şəxsi ambisiyalarının quluna çevrilmələri, dövlət, xalq kimi məfhumları maraqlarının arxasında gizlətmələri Azərbaycanın gələcəyi üçün qaranlıq olan bir mənzərəni yaratmışdı. Azərbaycanın bir dövlət olaraq varlığı şübhə altında idi. Azərbaycan tarixinə qaranlıq bir dövr kimi yazılan o illər hakimiyyət hərisliyinin hansı uğursuzluqlara yol açdığını bir daha nümayiş etdirdi. Bir illik hakimiyyətləri dövründə Azərbaycanı “olum, yoxsa ölüm” dilemması qarşısında qoyan AXC-Müsavat cütlüyünün yarıtmaz siyasətinin xalqın sabaha ümidlərini itirdiyi bir zamanda dahi şəxsiyyət Heydər Əliyev xalqın yanında oldu. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi tənəzzülündən xilas etdi.
Ümumiyyətlə, xalqa xidmət etmək Ulu Öndərin başlıca missiyası idi. Azərbaycanin müstəqilliyə qədərki dövründə də, müstəqillik illərində də ulu öndər Heydər Əliyev daim xalqın yanında idi. Bu məqamı xüsusi qeyd etməliyik ki, müstəqilliyimizə qəsd kimi dəyərləndirilən 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Ümummilli Lider Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, Sovet rəhbərliyini, Kommunist Partiyasını ittiham etmiş, bu qanlı faciəni pisləmiş və bütün dünyaya bu həqiqəti çatdırmışdır. Ondan sonra Kommunist Partiyasının sıralarını tərk etmişdir. Bu cəsarətli addım Ulu Öndərin xalqa nə qədər bağlı olduğunu göstərdi.
Dövlətimizin başçısı İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə tariximizin ayrı-ayrı dövrlərinin təhlili fonunda müstəqillimizin ilk illərinin aydın mənzərəsini təqdim etmişdir. “Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır” söyləyən cənab İlham Əliyev bir daha bu reallıqları diqqətə çatdırmışdır ki, Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu fərarilikdir, satqınlıqdır, xəyanətdir: “Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən agır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər də bu tarixi bilməlidirlər.”
Düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə daxili sabitliyi təmin edən ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması da sabitliyin təminatında və digər sahələrin inkişafında əhəmiyyətli rol oynadı. Bu mühüm məqamı da qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində, həmçinin pərdəarxası oyunlara, siyasi anarxiyaya son qoyuldu, bütün qanunsuz silahlı dəstələr ləğv olundu. Belə ki, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişləri cəhdlərinin qarşısı Ümummilli Liderin qətiyyəti sayəsində alınaraq dövlət müstəqilliyimizin qorunub saxlanılması təmin edildi. Bütün bu addımlar isə öz növbəsində Azərbaycanda müstəqil dövlət təsisatlarının yaranmasını, ilk Konstitusiyanın qəbulunu zərurətə çevirdi.
Xeyirxahlıq və humanizm
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra demokratik, hüquqi dövlət quculuğu istiqamətində uğurlu addımlar atıldı. Bu xeyirxahlıq onun hakimiyyətinin hər iki dövrü üçün səciyyəvi idi. Əvvəldə də qeyd etdiyimiz kimi, Ümummilli Lider hakimiyyətinin birinci dövründə hər il dövlət hesabına keçmiş İttifaqın ayrı-ayrı şəhərlərində yüzlərlə Azərbaycan gəncinin müxtəlif ixtisaslar üzrə təhsil almalarına nail olmuşdu. Uzun illər davam edən bu proses nəticəsində ğüclü mütəxəssislər ordusu formalaşdı, çoxsayli alimlər yetişdi. Bu gün Azərbaycanın müxtəlif sahələrində çalışan həmin dövrun məzunları dahi şəxsiyyət Heydər Əliyevin xeyirxah əməllərindən böyük minnətdarlıq hissi ilə bəhs edirlər. Xeyirxahlıq, mərhəmət, ehtiyacı olanlara maddi və mənəvi dəstək kimi keyfiyyətlər Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən olub.
Ümummilli Liderin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən işlənib hazirlanan və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin demokratik dəyərlərə sadiq dövlət kimi inkişafına geniş yol açdı. Konstitusiyada əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. 1998-ci il fevralın 10-da ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Ümummilli Lider ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə, beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi.
1995-ci ildən başlayaraq mühüm hadisələr, bayramlar ərəfəsində əfv Fərman və sərəncamlarının imzalanması, Amnistiya aktlarınin qəbulu sistemli xarakter aldı. Səhvini anlayan, əməllərindən peşmançılıq keçirənlər ulu öndər Heydər Əliyev tərəfindən əfv edilir, yenidən normal həyata qayıtmalarına imkan yaradılırdı. 1995-2003-cü illərdə 32 əfv Fərman və Sərəncamı imzalayan, 7 Amnistiya aktını qəbul edən Ümummilli Lider humanizmin ölkədə həyata keçirilən hüquqi siyasətin əsas prinsiplərindən biri oldugunu təsdiqlədi.
Son 16 ildən artıq dövrdə bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki bu müddət ərzində 34 əfv Sərəncamı, 4 Amnistiya aktı qəbul olunub. Azərbaycanda, onun hüdudlarından kənarda mərhəmət, insansevərlik, şəfqət, nəciblik mücəssiməsinə çevrilən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Məclisin deputatı olarkən Amnistiya aktlarının qəbulu ilə bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş, on minlərlə məhkumun cəzası tam və qismən ləğv edilmişdir. Dövlətimizin başçısı İlham Əliyevin son aylar pandemiyanin dünyanı cənginə aldığı bir zamanda 6 aprel 2020-ci il tarixli “ Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamına əsasən 176 məhkum azadlığa qovuşdu. Sərəncam koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı olan məhkumlara şamil olundu.
Bütün bunlar bir daha təsdiqləyir ki, insanpərvərlik və humanizm prinsipləri 28 ildən artıq müstəqillik tarixinə malik olan Azərbaycanın dövlət siyasətinin təməl prinsipləri kimi tətbiq və təşviq olunmaqdadır. Humanizm siyasəti vətəndaş-dövlət munasibətlərinin inkişafında da əsas amillərdən biridir. Bu baxımdan ki, dövlət hər bir vətəndaşının yanında olduğunu təsdiqləməklə əfv etdiyi insanların cəmiyyətə qayıtmalarına, qanunlarımıza riayət etmələrinə yenidən şans verir.
Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillərin – azad mətbuatın inkişafı, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsinin təmin olunması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Mətbuat üzərindən senzuranın götürülməsi, siyasi partiyaların fəaliyyəti üçün zəruri şəraitin yaradılması, seçkilərin demokratikliyini, şəffaflığını təmin edən Seçki Məcəlləsinin qəbulu və sair kimi demokratik inkişafin əsasları son 16 ildən artıq dövrdə cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir, təkmilləşdirilir. Azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğıya görə 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülən ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev son 16 ildə 3 dəfə bu mükafata layiq görülüb. Azərbaycanın demokratik, hüquqi dövlət qurculuğu yolunda atdığı addımların bariz nümunəsi kimi 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasını və 19 ilin bu əlaqələrə bələdçiliyini qeyd edə bilərik. Bu mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə 3 dəfə keçirilən ümumxalq səsverməsinin biri (2002-ci ildə) ulu öndər Heydər Əliyevin hakimiyyəti illərinə, ikisi ( 2009 və 2016) cənab İlham Əliyevin Prezidentliyi dövrünə aiddir. Məqsəd insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilməsi də təsadüfi deyil. Belə ki, ulu öndər Heydər Əliyev 1998-ci il 18 iyun tarixində ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur.
“Əsrin müqaviləsi”: İqtisadi tərəqqi, yüksək rifah
Hər bir ölkənin inkişafını şərtləndirən bir sıra amillər mövcuddur. Ölkənin malik olduğu təbii resurslardan səmərəli istifadə prioritet istiqamətlərdəndir. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi uzaqgörən siyasətindən irəli gəlirdi. 1994-cü il sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanması Azərbaycanın iqtisadi tərəqqisində və insanların yüksək rifahının təmin edilməsində əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibəti ilə xalqa təbrikində bildirmişdir ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycanın hazırkı iqtisadi inkişafını, beynəlxalq mövqeyini təsəvvür etmək çətin deyildi. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri olmasaydı Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərindən, onlar olmasaydı, Cənub Qaz Dəhlizindən danışmaq qeyri-mümkün idi.
Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin 2006 və 2007-ci illərdə reallığa çevrilməsi, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ilin mayında dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu artıran Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmçinin həmin ilin iyununda Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP-ın istifadəyə verilməsi və sair kimi biri-birindən mühüm hadisələr “Əsrin müqaviləsi”nin ölkəmizə böyük uğurlar qazandırdığını bir daha dünyaya bəyan edir. Cari ildə isə TAP-ın istifadəyə verilməsi nəzərdə tutulur. Azərbaycan bu layihələrin uğurlu icrasına nail olmaqla dünyanın enerji xəritəsini dəyişir.
Neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə təminatı məqsədilə 1999-cu ilin dekabrında Ümummilli Liderin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçilir ki, bunlar da ölkənin hərtərəfli inkişafını sürətləndirir. 1 aprel 2020-ci il tarixinə olan məlumata əsasən, Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 41 milyard dollardan artıqdır.
Ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlara yol açdı. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi nəticəsində digər neftlə zəngin ölkələrdən fərqli olaraq Azərbaycanda təbəqələşmə prosesi getmir, əksinə yoxsulluq və işsizlik problemlərinin aradan qadırılması istiqamətində davamlı addımlar atılır. “Əsrin müqaviləsi” Azərbaycanı böyük investisiyalar məkanına çevirdi. Son 16 ildən artıq dövrdə ölkə iqtisadiyyatına 270 milyard dollardan artıq investisiya yatırılıb. Valyuta ehtiyatlarının həcmi 52 milyard dollardan artıqdir.
Bu gün böyük inamla qeyd edirik ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizə böyük uğurlar qazandırır. Neft siyasətinin məntiqi davamı kimi iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması istiqamətində atılan addımların, həyata keçirilən regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində son 16 ildə 2 milyondan artıq yeni iş yeri yaradılıb. Yoxsulluğun səviyyəsi 4,8 faizdir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə yoxsulluğun səviyyəsi 49 faiz idi. Möhtərəm Prezidentimiz İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu gün bölgələrimizin siması tamamilə dəyişib, yol infrastrukturu yenilənib, işıq, su təminatı yüksək göstəricilərlə ifadə edilir. Minimum əməkhaqlarının, minimum pensiyaların, müavinətlərin məbləgi artıb. Bütün bu uğurlar ulu öndər Heydər Əliyevin “Neft- Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” tezisinin reallıqda öz əksini tapdığının təsdiqidir.
Azərbaycan: Regional iqtisadi inkişafın aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvü
Ölkəmizin iştirakçısı və təşəbbüscüsü olduğu layihələrin uğurlu icrası regional iqtisadi inkişafa böyük töhfələr verir. BTC və BTƏ neft-qaz layihələrinin icrası, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi iradəsinin və qətiyyətinin nəticəsidir. Daim vurğulandığı kimi, əməkdaşlıq əlaqələri öncə regonal çərçivədən başlanmış və beynəlxalq əməkdaşlığa doğru inkişaf etmişdir. Artıq Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın başlanğıcıdır. Getdikcə layihələrin əhatə etdiyi ölkələrin cografiyası genişlənir. İqtisadi müstəqilliyin təminatı siyasi müstəqilliyə geniş imkanlar açır. Belə ki, dovlətimizin başçısı İlham Əliyevin vurğuladıgı kimi, Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi qeyri-mümkündür.
Azərbaycanın bayrağının dünyanın ən nüfuzlu təşkilatlarının qarşısında dalğalanması, dünyada gedən proseslərə təsir imkanlarının artması da ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ümummilli Lider Azərbaycan həqiqətlərinin təbliğini, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyaraq bu istiqamətdə davamlı addımlar atdi. Erməni yalanları əsaslı şəkildə dünyaya bəyan edildi, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasına nail olundu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Ulu Öndərin xarici ölkələrə elə bir səfəri yox idi ki, Dağlıq Qarabağ problemi əsas müzakirə mövzusu olmasın.
Son 16 ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində diplomatik uğurlarımızın miqyası daha da genişlənib. Belə ki, 2011-ci ildə Azərbaycanın 193 ölkədən 155- nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2019-cu ildə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünə, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünə ev sahibliyi Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin təntənəsidir. Azərbaycan haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə olaraq dünya birliyində yeri və rolunu artırır.
Hazırda dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində də Azərbaycanın beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində atdığı addımlar təqdir edilir. Belə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bu çağırış olundu ki, qlobal problem olan pandemiya birgə addımların atılmasını, həmrəyliyin gücləndirilməsini tələb edir. Möhtərəm Prezidentimiz bu birliyin, həmrəyliyin coğrafiyasını genişləndirərək Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “ COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Böyük dəstək qazanan bu təşəbbüs bir daha Azərbaycan dövlətinin birgə əməkdaşlıqda, səylərin birləşdirilməsində nə qədər maraqlı olduğunu açıqlayır.
Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir
Ümummilli Liderin xalqımız qarşısındakı xidmətləri sırasında bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olan, sıralarında 750 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Tarixi zərurətdən, xalqın istəyi əsasında yaranan bu partiya qısa zamanda milyonların sevgisini qazandı. Yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrilən YAP hazırda nəinki ölkənin, hətta regionun aparıcı siyasi təşkilatına çevrilib. Ölkəmizin çətin günlərində, sabaha ümidlərin itdiyi bir zamanda tarixə “91-lər”in müraciəti kimi yazılan, xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ulu öndər Heydər Əliyevə müraciəti, Onun müraciətə sabahımıza böyük ümidlərlə dolu cavabı bugünkü reallıqlarımızın əsası oldu.
1992-ci il noyabr ayının 21-də Naxçıvanda təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının hazırda sıralarında birləşən minlərlə üzvünün hər biri Heydər Əliyev ideyalarının, onun siyasi kursunu uğurla davam etidrən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısıdır.
Azərbaycanın müstəqillik tarixinin bələdçisi olan Yeni Azərbaycan Partiyasına xalqın sevgisinin, inamının göstəricisi kimi ölkədə keçirilən seçki proseslərindən böyük qələbələrlə çıxması xüsusi önə şəkilir. Azərbaycanın uğurlarında payı olan YAP-ın fəaliyyətinin əsasında dövlətə, xalqa xidmət dayanır, partiyamız daim ölkəmizin qüdrətlənməsi, əhalinin sosial müdafiəsinin daha da ğücləndirilməsi istiqamətində yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Partiyanın son növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təsəbbüsü ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. YAP ölkədə bütün sahələri əhatə edən islahatların qanunverici orqanda da öz əksini tapmasında maraqlı olduğunu açıqladı. Cari ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri Azərbaycanın demokratik inkişafının göstəricisi olmaqla yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzuna işıq saldı. Belə ki, partiya “Daha qüdrətli Azərbaycan naminə” deyib növbəti dəfə tarixinə uğur, qələbə səhifəsini yazdı. Sözlə əməl birliyi olan, populizmdən uzaq partiyaya xalqın dəstəyi qaçılmazdır.
Heydər Əliyev yolunun davamı
2003-cü ildən sonrakı dövr Azərbaycan tarixinə müasirləşmə, yeniləşmə, təkmilləşmə illəri kimi daxil olub. 2003-cü ildə cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident secilməsi Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirildi. Heydər Əliyev siyasətinə sadiq qalacağını yüksək kürsüdən bəyan edən dövlətimizin başçısı İlham Əliyev atdığı ilk addımdan vədini əməli fəaliyyəti ilə doğrultduğunu nümayiş etdirdi.
Hər sahədə davamlı inkişafın təmin olunması üçün səylər göstərildi. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi növbəti mərhələdə qeyri-neft sektorunun inkişafını sürətləndirdi. Regionların potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının uğurlu icrası işsizlik, məşğulluq kimi məsələlərin həllinə geniş imkanlar açdı.
Azərbaycan təkmil islahatları ilə dünyanın diqqətində oldu. Dünya Bankının hesabatlarında ən islahatçı 20 ölkə sırasında qərarlaşan Azərbaycan, həmçinin biznes mühitinin yaxşılaşdırılması istiqamətində atdığı addımları ilə diqqətdədir. Bu isə öz növbəsində ölkəmizə investisiya axınını sürətləndirir. İqtisadi imkanların artması fonunda sosial müdafiənin gücləndirilməsi təmin olunur. Təkcə 2019-cu ilin və cari ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Ötən il 4 milyondan artıq insanı əhatə edən 2 sosial paketin uğurlu icrası nəticəsində ayrı-ayrı sahələrdə çalışanların əməkhaqları artırıldı. İcra olunan iki sənəd əsasında minimum əmək haqqının məbləği 250 manata, minimum pensiyanın məbləği isə 200 manata çatdırılmışdır. Cari ilin əvvəlində minimum pensiyaların məbləgi yenidən artırılaraq 230 manatdan yuxarı oldu.
Azərbaycanın hazırda pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirdiyi zamanda icrasına başladığı Tədbirlər Planı 4 sahəni, 20 fəaliyyət sahəsini əhatə etməklə 10 proqram icra olunur. Məşğulluq və sosial dəstək tədbirlərinin əhatə dairəsi genişlənir. Görülən tədbirlər, atılan addımlar Azərbaycanın iqtisadi və sosial imkanlarının təqdimatında, səhiyyənin inkişafında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bir daha qeyd etmişdir ki, hec bir sosial layihə təxirə salınmayacaq.
Son 16 ildən artıq dövrdə Azərbaycan bütün sahələrdə biri-birindən əhəmiyyətli uğurlara imza atıb. İqtisadi tərəqqi bütün istiqamətlərdə önəmli addımların atılmasını şərtləndirdi. İslahatların zamana görə təkmilləşməsi, idarəçilik sistemində yeniləşmə davamlı uğurları təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirilən siyasətə dəstəyi fonunda gördüyü işlərin miqyası olduqca böyükdür. Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətində sosial layihələrin icrasına xüsusi diqqət göstərir. Bu layihələrdə məcburi köçkünlərin və qaçqınların sosial müdafıəsinin gücləndirilməsi prioritetdir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə 3042 məcburi köçkün ailəsi üçün yaşayış binalarından ibarət məhəllələrdə tikinti işlərinin gedişi ilə tanış olarkən bildirilmişdir ki, Mehriban xanım Əliyevanın tapşırığına əsasən Sumqayıt şəhəri üçün yol xəritəsi hazırlanıb. Sumqayıt şəhərində inzibati binalarda çətin vəziyyətdə məskunlaşan köçkünlərimizin sayı 3 mindən bir az çoxdur. Onlar və Abşeron rayonunda inzibati binalarda çətin vəziyyətdə yaşayan 1500-dən çox insan bu məhəllələrdə məskunlaşdırılacaq.
Ölkə Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman çıxışlarında qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə reallaşdırılan tədbirlərin ardıcıl xarakter daşıdığını önə çəkməklə həm də bu əminliyi ifadə edirlər ki, bunlar müvəqqətidir, tezliklə işğal altındakı torpaqlarımız azad olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Təbii ki, bu əminlik Azərbaycanın diplomatik mübarizədə qazandığı uğurlara və hərbi qüdrətimizə əsaslanır. Məhz bu uğurlara, cənab İlham Əliyevin düşünülmüş siyasətinə söykənərək vətəndaşlarımız bu inamı ifadə edirlər ki, pandemiyaya qarşı mübarizə öz müsbət nəticəsini verəcək, Azərbaycan sonrakı mərhələdə yeni iqtisadi və sosial inkişaf modeli ilə dayanıqli inkişafını təmin edəcək. Dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan minnətdarlıq məktublarında da həyata kecirilən siyasətə dastək öz aydın ifadəsini tapır. Bu əminlik də öz əksini tapır ki, cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycan bu mübarizədən az itki ilə çıxacaq. “Biz birlikdə güclüyük!” çağırışına əməldə dəstək mübarizə tədbirlərinin nəticələrində də özünü qabarıq şəkildə büruzə verir.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Ümummilli Liderin xidmətlərinin təqdimatında əhəmiyyətli rol oynayır
Ümummilli lider Heydər Əliyevin irsinin təbliği məqsədilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Ölkə Prezidenti İlham Əliyev 2015-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı - «Heydər Əliyev mükafatı» ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: «Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycannın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür.»
Fondun Azərbaycan reallıqlarının - musiqimizi, xalçaçılıq sənətini, muğamı, digər mədəniyyət incilərimizi dünyaya təqdim etmək, təhsilimizin, səhiyyəmizin, dilimizin, tariximizin inkişafı, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində təbliğat xarakterli materialların yayılmasına yönələn işlərinin miqyası genişdir. Bu qurumun çoxşaxəli fəaliyyəti daim xalqımız tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə həyata keçirilən layihələr sırasında “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini xüsusi qeyd etməliyik. Bu proqramın başlanması nəticəsində son illərdə ölkəmizdə 3 mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib istifadəyə verilib. Fondun, onun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı ilə həyata keçirilən layihələrin əsasında uşaqlara qayğı da xüsusi yer tutur. «Diabetli uşaqlara ən yüksək qayğı» layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin edilmişdir. Fondun «Talassemiyasız həyat naminə» layihəsi çərçivəsində görülən işlər də təqdirəlayiqdir. Bu günlərdə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına bütün idarə və müəssisələr, strukturlar, sadə vətəndaşlar qoşularaq bu addımı mərhəmətin, xeyirxahlığın təcəssümü kimi dəyərləndirirlər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könullu qoşulanlara təşəkküründə bildirmişdir: «Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm… Qoy, xoş əməllərin sayı artsın!”
16 ildən artıq yol keçən Heydər Əliyev Fondunun gördüyü işləri Mehriban xanım Əliyevanın bu fikirləri ilə ümumiləşdirə bilərik ki, insanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir.
Görülən işlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da xidmətləri böyükdür. Onun təkcə «Xocalıya ədalət!» beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi tədbirləri qeyd etmək kifayətdir. Leyla xanım Əliyevanın fəaliyyəti Azərbaycan gəncləri üçün örnəkdir. Onu da qeyd edək ki, Leyla Əliyeva xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə Dünya azərbaycanlılarının III qurultayında «Tərəqqi» medalı ilə təltif olunmuşdur.
Məhz bu uğurlara söykənərək cənab İlham Əliyev ötən il ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirmişdir: «Biz Ulu Öndərin doğum gününü yaxşı nəticələrlə, böyük planlarla qarşılayırıq. Əminəm ki, bütün planlar reallaşacaq. Necə ki, bu günə qədər reallaşıb, bundan sonra da reallaşacaq. Çünki buna bizim iradəmiz də çatır, gücümüz də var, xalq da bizim siyasətimizi dəstəkləyir. Biz bundan sonra yalnız və yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyik.»