Xəbərlər
Əli Əhmədov: Azərbaycanın uğurlu inkişafı məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edilib
“Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq. Çünki bu ideyalar Azərbaycanın tərəqqisinin və yüksəlişinin əsasını təşkil edir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə görülən işlərə, xalqımızın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər salsaq, bu fikri təsdiqləyən kifayət qədər faktlar söyləmək mümkündür: “1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra respublikamızda sürətli inkişaf başladı. 1969-cu ildən sonra Ulu Öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan tamamilə dəyişdi, özünə inamı artdı, dinamik inkişaf yoluna çıxdı və xalq öz gələcəyinə inamla baxmağa başladı. Eyni zamanda, o dövrdə Heydər Əliyevin siyasəti nəticəsində milli iradənin güclənməsi Azərbaycanın gələcək müstəqilliyinə gedən yolun əsaslarını təşkil edirdi”. Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov bu gün YAP İcra Katibliyində “Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda videokonfrans formatında keçirilən tədbirdə deyib.
Əli Əhmədov bildirib ki, tarix Ulu Öndər Heydər Əliyevə bu missiyasını ikinci dəfə həyata keçirmək şansı verdi. 1993-cü ilə qədərki və ondan sonrakı Azərbaycan gözlərimiz qarşısındadır. 1990-cı illərin əvvəlində respublikamızda total böhran hökm sürürdü, o vaxtkı hakimiyyət Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı zərurətə çevrildi. O zamana qədər xalq Heydər Əliyevi qurucu lider kimi qəbul edirdisə, bu dəfə Ulu Öndər xilaskarlıq missiyasını yerinə yetirdi. Xaos, anarxiya, ümidsizlik içərisində olan, dərin böhran keçirən Azərbaycanda məhz Ulu Öndərin hakimiyyyətə qayıdışından sonra Onun qətiyyətli islahatlar strategiyası nəticəsində əmin-amanlıq bərqərar oldu, dinamik inkişaf təmin edildi, “Əsrin müqaviləsi” kimi tarixi sənəd imzalandı”.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışarkən Baş Nazirin müavini deyib ki, Azərbaycanın uğurlu inkişafı məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edilib. “10 il ərzində Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövlətinin əsasları möhkəm təməllər üzərində qurulub. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün, hər zaman anılır. Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafında Heydər Əliyevin nişanələri görünür. Azərbaycanın hər bir güşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət özünü göstərir. Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında uğurla, qürurla inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir”, - deyə o vurğulayıb.