YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dönüş bizim intizamımızdan və məsuliyyətimizdən çox asılıdır

“Hər birimiz anlayırıq ki, bugünkü vəziyyət yorğunluğumuza, maliyyə, məişət və digər həyati problemlərin yaranmasına səbəb olub, adi həyat tərzimiz pozulub. Böyük əksəriyyətimiz üçün dörd divar arasında qalmaq olduqca çətindir. Lakin, çox təəssüf ki, indi çıxış yolumuz yoxdur. Özünütəcrid rejiminə və onun acı fəsadlarına alışmalıyıq, dözməliyik”. Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov hazırkı şəraitdə vətəndaşların karantin rejiminin qaydalarına əməl etməsinin zəruriliyi ilə bağlı deyib.

K.Bayramov vətəndaşlara müraciət edərək bidirib ki, ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dönüş bizim intizamımızdan və məsuliyyətimizdən çox asılıdır və biz bu dönüşə mütləq nail olmalıyıq.
Xüsusi dəyəri olan odur ki, qeyd etdiyim intizam və məsuliyyət hər gün cəmiyyətimizin möhkəmliyini, həmrəyliyini və birliyini göstərir, koronavirus pandemiyasına qalib gələcəyimizə böyük ümid verir! Bu gün həkimlərimiz və tibb işçilərimiz fədakarcasına fəaliyyət göstərirlər. Bəlkə də, son onilliklər ərzində ilk dəfə olaraq onların işinin vacibliyini, əvəzedilməzliyini bu qədər dərindən dərk etdik. Bu gün pandemiya ilə mübarizədə çoxsaylı könüllülərimiz, sadə vətəndaşlarımız, jurnalistlərimiz öz səviyyəsində töhfələrini verirlər.

“Gəlin, onların əməyini yerə salmayaq, əksinə onlara öz dəstəyimizi göstərək - xüsusi karantin rejiminin yumşalmasına baxmayaraq, Operativ Qərargah tərəfindən qoyulan tələblərə, tətbiq edilən məhdudiyyətlərə ciddi riayət edək, şəxsi gigiyena qaydalarına əməl edək, sosial məsafə tələbini gözləyək! Bu çətin dövrdə yüksək vətəndaş məsuliyyətini, bu gün bizdən tələb olunan ən yüksək insani keyfiyyətlərimizi nümayiş etdirək! Xalqımız və dövlətimiz bir çox ciddi sınaqlardan keçib, koronavirus pandemiyasının sınağından da uğurla keçəcək! Biz bu infeksiyaya birlikdə qalib gələcəyik!”-deyə, deputat qeyd edib.