Xəbərlər
Siyavuş Novruzov: Mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı da addımlar olacaq, ölçü götürüləcək
YAP icra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik.
- Siyavuş bəy, söhbətimiz Ramazan ayına təsadüf edir. Oruc tutursunuzmu?
- Hə, artıq 12-ci gündür.
- Allah qəbul eləsin. Bu karantinli günlərdə narahat olmursunuz ki?
- Yox, əşi, öyrənmişik də. Bizim elə bütün həyatımız oruc kimi keçir. (gülür) Karantin isə bir az da kömək edir.
- Siyavuş bəy, gündəmin əsas müzakirə mövzusu həbs olunan icra başçıları və onların tabeliyində işləyənlərdir. Belə fikirlər səslənir ki, niyə YAP bəyanat verib avtomatik şəkildə həbs olunanları partiyadan xaric etmir?
- Partiyadan xaric olunması üçün birinci növbədə məhkəmənin qərarı lazımdır. Çünki məhkəmənin qərarı olmadan, onun təqsiri bilinmədən biz onu xaric edə bilmərik. Bu, Nizamnamədə də, "Siyasi partiyalar haqqında" Qanunda da göstərilib. İstintaqa cəlb olunur, haqqında həbs qətimkan tədbiri seçilir, bəlkə məhkəmədə bu insan bəraət alacaq, bunu heç kəs bilə bilməz. O baxımdan da biz onlarla bağlı məsələ qaldıra bilmirik. İkinci tərəfdən, bu həbsin onun partiya mənsubiyyətinə aidiyyəti yoxdur. Yəni partiya üzvü olaraq orada korrupsiya, rüşvətlə məşğul olmayıb. Sadəcə olaraq, orada müavin olaraq icra başçısının tapşırıqlarını yerinə yetirib.
- Bu günədək neçə rayon təşkilatının sədri həbs edilib?
- İki rayon təşkilatının sədri: Neftçala və Ağstafa.
- Bəs digər həbs olunanlar necə, onlar YAP üzvü deyilmi?
- Müavinlər arasında YAP üzvü olan da var, olmayan da.
- İcra başçıları da?
- Yox, Neftçalanın həbs olunan icra başçısı YAP üzvü deyildi.
- Amma bu da var ki, cinayətlər həm də hakim partiyanın adından sui-istifadə edənlər tərəfindən törədilir. Yəqin bu da sizi narahat edir, elə deyilmi?
- Əslində onlar vəzifə səlahiyyətlərini aşırlar. Çünki bunlara böyük dövləti vəzifə etibar olunub. Bir rayona rəhbərlik edirlər. Cənab Prezident bunlara etimad göstərib. Görürsünüz ki, indi açıq şəkildə hər bir Azərbaycan vətəndaşı ictimaiyyət qarşısında onlara verilən tapşırıqların şahididir. Keçmişdə də belə olub. Düzdür, o vaxt bunu televiziyada göstərmirdilər. İndi yeni formatda bunlar hamısı göstərilir ki, gedin, insanlarla işləyin, onların maddi rifah halının yaxşılaşması, iş yerlərinin açılması, vətəndaşların işlə təmin olunması, rayonlara investisiyaların cəlb olunması ilə məşğul olun. Görürsən ki, köhnə fikirlilər gedir, gələn investisiyanın da qarşısını kəsir, sahibkarın torpağını əlindən alır. Yaxud keçmişdə torpaq sahələrini hasarlayırdılar ki, bu ərazi mənimkidir. Nə əkirdilər... Torpaq da istifadəsiz qaldıqca erroziyaya uğrayır, şoranlaşır. Bu hallar aradan qaldırıldı, indi demək olar ki, əkilməyən bir qarış da yer yoxdur. Bunlar vergi sistemi ilə tənzimləndi. Ümumilikdə kənd təsərrüfatından vergi götürüldü, əlavə subsidiyalar, güzəştli kreditlər verilir.
- Bütün bu işlər çox gözəl. Amma təəssüf ki, görülən işlərə xələl gətirən, ölkə rəhbərliyinin xəbərdarlıqlarına baxmayaraq, hətta kasıblara göndərilən sovqatlara belə göz dikənlər cəzalandırılsa da, digərləri bu əməllərdən əl çəkmir...
- Bəli. Vaxtilə ümummilli lider də vəzifəyə təyin edəndə çalışırdı onları başa salsın ki, sən birinci katib deyilsən, o düşüncə ilə rayona getmə! Sən rayonda cəmiyyətlə işləməlisən. Bunun ziyalısı, ağsaqqalı, müharibə veteranı, gənci, qadını var. İcra başçısı gərək o insanlara nümunə olsun. Amma bəziləri pis nümunə oldular. Düzdür, iş olan yerdə problem də olacaq, cəmiyyətin hamısı eyni cür düşünə bilməz.
- Maraqlıdır ki, bu gün bir çoxları “qara maskalı oğlan bizim rayona da gəlsin” düşüncəsində, arzusundadır. Sizcə, bunun səbəbi nədir?
- Hesab edirəm ki, bunu kampaniyaya çevirmək olmaz. Ola bilsin ki, bəzi yerlərdə problem var. Amma bəzi insanlarda gözügötürməzlik var. Yaxud özü işləmək istəmir, haradansa nəsə qopartmaq istəyir. Buna görə də hesab edir ki, kimsə getsə, onun işi həll olunacaq. Keçmişdə qruplar var idi ki, öz adamlarının icra başçısı olması üçün çalışırdılar. Bu mənada maraqlar da var. Amma bu, kampaniya mövzusu ola bilməz. Haradansa siqnal varsa, bu siqnal düzgün olmalıdır. Yox, əgər siqnal düzgün olmasa, onu göndərənin özü də məsuliyyətə cəlb olunmalıdır ki, başqasına böhtan atır, şər atır və s.
- Belə yanaşma da var ki, bəlkə parlament buraxılaraq yenidən formalaşdırıldığı kimi, icra strukturları da yenidən formalaşdırılsa, daha yaxşı olar. Bu fikirlə razılaşırsınız?
- İndi elə adam var ki, köhnədən öz yerində oturub işləyir, yaxşı da çalışır, rayonda da nüfuzu böyükdür, insanlar inanır, etibar edir. Eləsi də var ki, üç gün bundan qabaq apar vəzifəyə qoy, əməlisaleh deyilsə, yenə o işlə məşğul olacaq. Bu məsələnin yeniliyə, köhnəliyə aidiyyəti yoxdur.
- Siyavuş bəy, parlamentin sonuncu iclasında dediniz ki, həbs olunan icra başçıları ilə yanaşı, həmin rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları da məsuliyyətə cəlb olunmalıdır. Kifayət qədər ciddi çağırışdır...
- Mən hakimlərin təyinatı ilə bağlı müzakirələr olarkən də məsələ qaldırmışdım ki, qərarların verilməsində bir az diqqətli olsunlar. Mülkiyyət münasibətləri dəyişib. Bir nəfərin ərizəsi əsasında götürüb birinin mülkiyyətini başqasına vermək olmaz. Mülkiyyət çox ciddi məsələdir. Bu, ölkənin, xalqın ənənəsidir, irsən gələn məsələdir, bunu dəyişmək olmaz. Kiminsə qolu qüvvətlidirsə, zorla kiminsə əmlakını tutub ala bilməz. Amma bununla yanaşı, orada fəaliyyət göstərən hüquq-mühafizə orqanları ilk növbədə özlərinin rəhbərliyinə bu barədə geniş arayışlar təqdim etməliydilər. Onlar bəhanə gətirə bilərlər ki, icra hakimiyyətinin başçısıdır, buna gücləri çata bilməz... Amma bunlar öz rəhbərliyini məlumatlandırmalıydılar. Rəhbərlik də ölkə başçısına məlumat verməliydi ki, filan rayonda bu hadisələr baş verir, əhalini ciddi şəkildə narahat edirlər, əhalini dövlətdən, dövlətin siyasətindən narazı salırlar. Bununla bağlı da lazımi ölçülər vaxtında götürülsəydi, nə o icra başçısı həbs olunardı, nə insanların haqqı o dərəcədə pozulardı. Biləsuvarda bir gündə bunları eləməyib, yaxud koronovirus dövründə olmayıb ki... O torpaqların alınması yəqin illər boyunca olub. 150 sahibkar iddia edir. İndi onların neçəsi haqlıdır, neçəsi haqsızdır, bununla bağlı araşdırmalar gedir. Bəlkə də eləsi var ki, torpağını satıb, indi deyir başçı əlimdən alıb. Belə hallar olur. Şikayətlər daxil olur, araşdırırsan ki, oğul gedib torpağı hansısa sahibkara, ya başqasına satıb, atası, ya qardaşı gəlib şikayət edir. Ortaya nəticə çıxır ki, vəsaiti bölə bilməyiblər. Amma bununla yanaşı, belə neqativ hallar var idisə, hüquq-mühafizə orqanlarının bir funksiyası da dərhal ölkə rəhbərliyini məlumatlandırmaq idi.
- Prezident də çıxışında bildirib ki, cəzalandırılanlar yalnız icra başçıları olmayacaq. Bu mənada daha yüksək çinli məmurların da həbs olunacağı ehtimalı var...
- Təbii ki, mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı da addımlar olacaq. Cənab Prezident baş prokuroru təyin edəndə bu məsələ ilə bağlı tövsiyələrini verdi. Çatan siqnalları da qeyd elədi ki, mərkəzi icra hakimiyyəti orqanlarında müxtəlif şirnikləndirmə ilə işə götürürlər, başqa-başqa addımlar atırlar. Bununla bağlı da siqnallar daxil olduğunu qeyd etdi. Yəqin ki, bu məsələlərlə bağlı ölçülərin götürülməsinin şahidi olacağıq.
- Deməli, hansısa nazirin həbsi xəbəri yayılsa, təəccüblənməyəcəksiniz, eləmi?
- Təbii ki. Bu iş başlayıb. Sizə deyim ki, bu işin mərkəzində elə ümummilli lider olub. 1969-cu ildə hakimiyyətə gələndə və cəzalandırma ilə bağlı işlərə başlayanda deyirdilər ki, olmaz, bu, Kommunist Partiyasına qarşı addımdır, çünki kommunist rüşvət ala bilməz və sair. O vaxt Azərbaycanda qeyri-qanuni işlər görən bir neçə katib məsuliyyətə cəlb olundu. Həmin vaxt ümummilli lider o proseslərə başladı. Yaxud AXC-Musavat hakimiyyəti kolxoz-sovxoz sistemlərini darmadağın etmişdi, zavodlar, fabriklər dağıdılmışdı, ordakı avadanlıqlar İrana, Türkiyəyə satılmışdı. Demək olar ki, anarxiya idi, heç kəsin heç nədən xəbəri yox idi... Torpaq islahatları başlayanda da torpaqların ortaya çıxarılması, insanlar arasında bərabər şəkildə bölüşdürülməsi ilə bağlı ümummilli lider tərəfindən addımlar atıldı. Bu addımlar isə ümumxalq əmlakının dağıdılmasının xeyli qarşısını aldı. Yəni bunlar olub. İndi isə neqativ hallara qarşı mübarizənin yeni mərhələsidir. Özü də ciddi mübarizə gedir. Bu, bir xəstəlikdir. Amma deyim ki, belə hallar bütün dünyada var. Avropa İttifaqının komissarı məsuliyyətə cəlb olundu ki, 7-8 milyard avronu məqsədi məlum olmayan yerlərə sərf edib. Yəni belə hallar hər yerdə olur. Ya da FİFA-nın rəhbərliyinin fəaliyyəti araşdırılır. Ya oyunçularla bağlı nələrsə ortaya çıxır. Yəni harada pul varsa, orada bu kimi məsələlərə rast gəlmək olur. Amma Azərbaycanda konkret olaraq bu kimi hallara qarşı ciddi mübarizə aparılır. Mübarizə həm islahat yolu ilə aparılır, həm məsuliyyətə cəlb etməklə, inzibati metodlarla.
- Deməli, Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlardan nəticə çıxartmayanların davamlı şəkildə cəzalandırılmasına başlanılıb və bu iş davam edəcək?
- Bəli. Prezident hələ bir neçə il bundan qabaq müşavirələrin birində qeyd etdi ki, bu cür işləyən adamlar təkcə işdən çıxarılmayacaq, həm də ciddi şəkildə cəzalandırılacaq. Bu gün də onun nəticəsini görürük. Prezident demişdi, gedin, xalqa xidmət edin, əməlisaleh olun, düz olun, sizə böyük bir vəzifə həvalə ediblər, başlayın işləməyə, qurun, yaradın. Ancaq bunun əvəzində gedib xalqın əlində olanı da almayın.
- Siyavuş bəy, parlament iclasında bir maraqlı çıxışınız da diqqət çəkdi, müzakirə mövzusu oldu, xalqa əlləzinə oxuyanlarla bağlı... Hansı nazirləri nəzərdə tuturdunuz?
- Ümumilikdə dünya təcrübəsini götürsək, belə olmalıdır ki, müəyyən qapalı strukturlar var. Məsələn, Müdafiə, Daxili İşlər nazirliklərini götürək. Administrasiya, Milli Məclis, Nazirlər Kabinetini, məhkəmə sistemini çıxıram. Yerdə qalan qurumlarda, şirkət, komitə, nazirliklərdə aidiyyəti işlə məşğul olan müavinlər var. Yaxud orada siyasi rəhbərlik nazirdədir. Ola bilər ki, nazirin müavin hansısa sahənin mütəxəssisidir, o, ictimaiyyətlə danışmaq qabiliyyətinə malik deyil, bu, başadüşüləndir. Amma nazir siyasi vəzifədir. Siyasi vəzifədə olan şəxs də dövlətin bu sahədə olan siyasətini ictimaiyyətə çatdırmağa borcludur. Belə olan halda bunlar çəkilib durur qıraqda, hərə bir mətbuat xidməti rəhbəri tapıb, adını da dəyişib ictimaiyyətlə əlaqələr qoyublar. Bəs onda sən kimlərlə əlaqədəsən, cinlərlə əlaqə saxlayırsan?!
Bu məsələlər düzgün qoyulmalıdır və həllini tapmalıdır. Elə məsələlər var ki, onu nazir, yaxud mərkəzi icra hakimiyyəti orqanının rəhbəri deməlidir. Onun nümayəndəsi çıxır, bir söz problem haqqında deyirsə, beş söz həmin təşkilatın rəhbərinin tərifinə həsr olunur. Bu baxımdan da nazir özü çıxmalıdır ortaya, insanlar onun dilindən eşitmək istəyir. Yaxud brifinq keçirilirsə, sualı nazirə, komitə, şirkət rəhbərinə, mərkəzi idarənin rəhbərinə yönəltməlisiniz. Yoxsa onun nümayəndəsi gəlir, bəlkə də həmin struktur haqqında, ümumiyyətlə, məlumatı yoxdur. Ola bilər yaxşı jurnalist olsun, amma struktur haqqında, dövlətin həmin strukturla bağlı həyata keçirdiyi siyasət barədə məlumatı yoxdur axı. Bu baxımdan da məsələlər bu formada qurulmamalıdır. Bunlar cənab Prezidentdən, Birinci vitse-prezidentdən nümunə götürsünlər. Prezident getdiyi rayonlarda, açılışını etdiyi müəssisələrdə, yarımillik, üç aylıq toplantıların hər birində etdiyi çıxışlarda bütün məsələlərə özü toxunur, münasibət bildirir, ictimaiyyətə ətraflı məlumat verir. Bunlar da nümunə götürüb özləri insanların qarşısına çıxmalıdırlar, yoxsa hər hansı şəxsi ora göndərməməlidirlər.
- Demək olarmı ki, tənqiddən nəticə çıxarılmasa, siz az sonra konkret ad da çəkəcəksiniz, eləmi?
- Bəli. Ümumiyyətlə, struktur islahatı, yerli və rayon təşkilatları ilə əlaqələrin qurulması ilə bağlı müəyyən təkliflərimizi verəcəyik.