Xəbərlər
Malik Həsənov: Dünyanın əksər ölkələri ilə müqayisədə pandemiyaya qarşı mübarizədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub
“Bütün dünyada tüğyan edən koronavirus pandemiyasının ilk dövrlərindən Azərbaycan dövləti bu təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa göstərişi ilə əvvəlcə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Eyni zamanda, ölkəmizdə kütləvi yoluxmanın qarşısını almaq üçün dərhal təlim-tədris müəssisələrinin, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və ya təxirə salındı. Daha sonra ölkədə xüsusi karantin rejimi tətbiq edildi. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə sahəsində bir sıra təxirəsalınmaz addımlar atıldı, eləcə də sosial dəstək tədbirləri həyata keçirildi. Bunların nəticəsidir ki, dünyanın əksər ölkələri ilə müqayisədə pandemiyaya qarşı mübarizədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.
M.Həsənov bildirib ki, ölkədə qısa müddət ərzində həyata keçirilən bu tədbirlərin müsbət nəticələri isə artıq ortadadır. Təsadüfi deyil ki, ÜST sədri Tedros Adhan Gebreyesus da dəfələrlə Azərbaycanda görülən tədbirləri olduqca müsbət qiymətləndirib və bütün dünya ölkələrinə nümunə kimi göstərib. Onun sözlərinə görə, Azərbaycanın bütün dünya ölkələrinə model kimi göstərilən koronavirusla mübarizə təcrübəsi xarici ölkələrin nüfuzlu media orqanlarının da diqqətindən yayınmır. Onlar da ölkəmizin geniş təcrübəsini vurğulayırlar.
“Ölkə rəhbərliyi vətəndaşların sağlamlığı və təhlükəsizliyini qorumaq üçün vaxtında və təsirli tədbirlər görməkdədir. Bu gün Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi göstərir. Bundan əlavə, görülən bütün tədbirlərin strategiyası pandemiyanın nəticələrinin milli iqtisadiyyata mənfi təsirini azaltmağa yönəlib. dünyada pandemiyaya qarşı qoruyucu vasitələrin çatışmadığı bir vaxtda Azərbaycanın müstəqil olaraq ölkə əhalisini koronavirusla mübarizədə istifadə olunan bütün qoruyucu vasitələrlə təmin edə bilməsi də nümunəvi faktdır. Buna misal olaraq Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə tibbi maskalar istehsal edən müəssisənin açılışını, həmçinin ölkədə spirt, dezinfeksiyaedici məhsullar və digər qoruyucu vasitələrin istehsal həcminin artırılmasını və bununla da pandemiya dövründə bu məhsulların xarici idxaldan asılılığı minimuma endirilməsini göstərmək olar.
Pandemiya ilə mübarizədə insanların sağlamlığının qorunması sahəsində vacib bir addım isə dövlət tərəfindən 575 çarpayılıq və müasir avadanlıqla təchiz edilmiş “Yeni Klinikan”ın koronavirusa yoluxmuş xəstələr üçün ayrılmasıdır. Virusun müntəzəm diaqnostikası üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun dəstəyi ilə müasir avadanlıqlarla təchiz olunmuş 18 müasir laboratoriyanın fəaliyyətə başlaması da görülən təxirəsalınmaz tədbirlərin mühüm hissəsidir”-deyə, deputat qeyd edib.