YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: Pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizədə iki mərhələ olacaq

Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3 faiz, Yaxın Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacağı halda, Azərbaycan iqtisadiyyatı cəmi 2,2 faiz kiçiləcək.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, Yaxın Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsinin içərisində Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkənlərin ilk üçlüyündədir: “Azərbaycan da “OPEC+” çərçivəsində neft hasilatını azaldır və aşağı neft qiymətlərindən itirir, lakin Prezident İlham Əliyevin rəhbərli ilə qeyri-neft sənayesinin sürətli artımı və hökumətin effektiv antiböhran tədbirləri hesabına ölkəmizdə iqtisadi tənəzzülün qarşısı daha səmərəli alınır. Təkcə onu demək kifayətdir ki, postsovet məkanında pandemiyadan əvvəl və sonra Beynəlxalq Valyuta Fondunun verdiyi iqtisadi artım proqnozları arasındakı ən az fərq olan ölkələrdən biri Azərbaycandır. Yəni, pandemiya başqalarına nisbətən bizim iqtisadi artıma daha az təsir edib. Çünki ölkəmizdə pandemiya ilə mübarizə büdcəsi təxminən 3,5 milyard manat təşkil edir və vaxtında antiböhran tədbirləri müəyyənləşdirilib, eyni zamanda, manatın sabitliyi üçün 3 milyard manatdan çox vəsaitlə valyuta bazarına müdaxilə edilib. Postsovet məkanında yeganə olaraq Azərbaycan hökuməti milli valyutanın sabitliyini təmin etməklə əsas riskləri öz üzərinə götürüb və makroiqtisadi sabitliyi qoruyub. Yeri gəlmişkən, pandemiyanın təsiri ilə neft ixrac edən və tam üzən rejimə malik bütün ölkələrin valyutası devalvasiyaya uğrayıb.

V.Qasımlı deyib ki, pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizədə iki mərhələ olacaq: “Hazırda böhranın dərinləşməsinin qarşısı alınır və sabitlik qorunur, ikinci mərhələdə iqtisadiyyatın bərpası başlayacaq. İqtisadiyyatın bərpası üçün ucuz maliyyə, yüngül vergi yükü və tələbi yaradan bazarlara çıxış daha önəmlidir”.

Hazırda dünyadakı suveren fondlara təsirlərin üç istiqamətdə olduğunu deyən V.Qasımlının fikrincə, aşağı neft qiymətləri suveren fondların gəlirlərini azaldır, qiymətli kağızlar bazarında 20-25 faizlik eniş aktivləri dəyərsizləşdirir və pandemiya ilə mübarizədə suveren fondların xərcləri artıb: “JP Morgan”ın hesablamarına görə, qlobal pandemiyanın təsiri ilə dünyadakı suveren sərvət fondları təxminən 1 trilyon dollar dəyərində kapital itkisinə məruz qalıb. Körfəzdəki suveren fondların aktivlərinin bu ilin sonuna qədər 296 milyard dollar azalacağı proqnozlaşdırılır. Dünyanın ən iri suveren fondu – Norveçin Pensiya Fondu bu ilin ilk rübündə 113 milyard dollar, başqa sözlə, Azərbaycanın Respublikası Dövlət Neft Fondunun həcmindən az qala üç dəfəyə qədər böyük dəyəri itirib. Qlobal şoklar nəticəsində bu ilin ilk rübündə Dövlət Neft Fondunun aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq isə 2,1 milyard manat olub. Neft Fondunun investisiya portfelinin 80 faizindən çoxunu likvid və sabit gəlirli alətlər təşkil etdiyindən, qlobal şokların fondun aktivlərinə təsirini minimuma endirmək mümkündür. Eyni zamanda, fondun investisiya portfelinin 66 faizinin ABŞ dollarında olması və bu valyutanın real effektiv məzənnəsinin bu ilin əvvəlindən 8,5 faiz bahalaşması aktivlərin dəyəri üçün əhəmiyyət kəsb edir. Yeri gəlmişkən, Dövlət Neft Fondunun vəsaitlərinin 22,8 faizinin saxlandığı avronun da real effektiv məzənnəsi bu ilin əvvəlindən 3 faiz bahalaşıb”.

O qeyd edib ki, Dövlət Neft Fondunun istiqrazlar və pul bazarı alətlərinin 37,8 faizinin yerləşdirilmə müddətinin 1 ilə qədər olması, imkan verir ki, likvidlik ehtiyacları qısa zamanda ödənilsin: “İstənilən halda, Azərbaycanda xarici borclanmaya və devalvasiyaya getmədən böhranla daxili imkanlar hesabına mübarizə aparılması, post-pandemiya dövründə iqtisadi bərpa prosesinə müsbət təsir edəcək”.