YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında videokonfrans formatında görüş keçirilib

Aprelin 21-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə videokonfrans formatında görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.

Görüş zamanı tərəflər qlobal COVID-19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər.

Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib. Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olunub. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb.

Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır. Bu mövqe münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.

Tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar.

Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər.