YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sergey Lavrov: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi fəal müzakirə olunur

Ötən il Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri başçılarının Moskva görüşündə təklif olunan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qərarlar fəal müzakirə edilir, onların imzalanması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində mühüm addım olardı.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu fikri A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndələri ilə videokonfrans formatında keçirilən dəyirmi masanın gedişində bəyan edib.

O qeyd edib ki, Madrid prinsipləri, Rusiya tərəfindən 2010-2011-ci illərdə hazırlanan, Kazan sənədi adlandırılan sənədlər mövcuddur. “Elə layihələr vardır ki, onlar ötən ilin aprelində, Rusiya, Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlərinin həmsədrlərin iştirakı ilə Moskva görüşündə açıqlanıb və hazırda onlar fəal şəkildə müzakirə edilir”, - deyə RF XİN-in başçısı qeyd edib.

S.Lavrovun sözlərinə görə, bu sənədlərdə münaqişənin nizamlanmasına mərhələli yanaşma əsasında yaxınlaşmaq, birinci mərhələdə daha aktual problemlərin həlli, Dağlıq Qarabağ ətrafında bəzi rayonların azad edilməsi və nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılması nəzərdə tutulur. RF XİN-in başçısı əminliklə bildirib ki, bu sənədlərin imzalanması BMT TŞ-nin qətnamələrinin icrasında mühüm addım ola bilər: “Mən əminəm ki, biz bu sənədlərin imzalanması barədə razılığa gəlsək, bu, BMT-nin Təhlükəsizlik Şurasının sözügedən qətnamələrinin və bir də təkrar edirəm, müharibəni dayandırmağı və danışıqlara başlamağı tələb edən qətnamələrin icrasında mühüm addım olacaq. Danışıqlara başlanılıb, indi razılığa gəlmək lazımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri kimi biz məhz buna nail olmağa çalışırıq”, - deyə Rusiyanın xarici siyasət idarəsinin başçısı vurğulayıb.

O, ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların sabitləşmiş formatını yaxşı və faydalı adlandırıb. S.Lavrov sonda deyib: “Məhz bu danışıqlarda Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq və razılaşmalara başlamaq barədə həmin tələbi həyata keçirilib”.