YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: AŞPA hələ də Azərbaycana münasibətdə qərəzli mövqe tutub, ikili standartlı, riyakar, daimi təhdid siyasəti yürüdür

Avropa Şurası Parlament Assambleyası qondarma “Dağlıq Qarabağ respublikasındakı” cinayətkar rejimin keçirdiyi saxta “seçkilərə” münasibət bildirməməsi, susqunluq nümayiş etdirməsi siyasi riyakarlığın göstəricisidir. Bu, həm də beynəlxalq hüquqa qarşı çox böyük hörmətsizlik, demokratik prinsiplərə ziddir. Məhz, bu səbəbdən də Azərbaycan Parlamenti AŞPA-nın bu davranışını qəti şəkildə pislədi və Parlament Assambleyasına etiraz məktubu göndərdi”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, erməni terrorçuları, separatçıları böyük siyasi həyasızlıq nümayiş etdirməklə, azərbaycanlıların soyqırımı günü – 31 mart tarixində “seçkilər” keçirməsi beynəlxalq hüquqa ən böyük hörmətsizlik və erməni xislətinin nümayişi oldu: “Bu qondarma seçkiləri dəstəkləyən Ermənistan hakimiyyətinin dünya qayda-qanunlarına meydan oxuması idi. “Seçkilər”ə xüsusi diqqət və canfəşanlıqla yanaşan Yerevanın işğalçılıq siyasətini bu gün də çəkinmədən davam etdirdiyini, separatçılığı maliyyələşdirdiyini, dəstəklədiyini terrorizmi, soyqırımı bir dövlət siyasəti səviyyəsində qəbul etdiyini və həyata keçirdiyini açıq-aşkar büruzə verdi”.

“İnsan haqları, demokratiya, seçmək və seçilmək hüquqlarını, ümumilikdə demokratik dəyərləri əsas tutduğunu bəyan edən AŞPA kimi təşkilatın susması nə deməkdir? Qorxaqlıqmı, lobbi əsirimi, yoxsa sadəcə ikilistandartlar?” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycanı daim hədəf seçən bu qurum Ermənistanda baş verən ciddi pozuntulara daim seyrçi qalıb: “Məsələn, “Vahid Ermənistan" Partiyasının sədr müavini və "Haynews.am" saytının koordinatoru Mqer Yegizaryan 2019-cu il yanvarın 26-da İrəvanda “Nubaraşen” həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra ölüb, lakin Avropa Şurası və AŞPA buna heç bir reaksiya verməyib. Bununla yanaşı, Gürcüstanda sabiq müdafiə naziri İrakli Okruaşvili 2019-cu il iyunun 11-də “Qalib Gürcüstan” siyasi hərəkatını yaradıb, həmin ayın 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib. 2019-cu ildə Gürcüstanın müxalif "Qalib Gürcüstan" siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib, 2017-ci ildə sabiq prezident Mixiel Saakaşviliyə qarşı cinayət işi açılıb. Avropa Şurası da bütün bunları da görməzdən gəlib. 2019-cu ilin mayında isə Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb, lakin Avropa Şurası bu məsələyə də münasibət bildirməyib, bu barədə heç bir qətnamə qəbul etməyib. Eləcə də Fransada “sarı jiletlilər”in aksiyalarını və Avropaya üz tutmuş miqrantlara münasibəti xatırlatmaq kifayətdir. Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına Avropanın digər təsisatları kimi Avropa Şurası və AŞPA tərəfindən də tam biganə münasibət bəslənilir. Belə görünür ki, onlar bu sadalananları demokratiya nümunəsi hesab edirlər. Amma bütün bunlara baxmayaraq, AŞPA hələ də Azərbaycana münasibətdə qərəzli mövqe tutub, ikili standartlı, riyakar, daimi təhdid siyasəti yürüdür”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, AŞPA bu ikili standartlı, qərəzli siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ də anlaya bilmir: “AŞPA-nın belə bir mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur. Bölgənin ən mühüm ölkələrindən biri olan Azərbaycan qurumu tərk etsə, Bakı bundan heç nə itirməyəcək, lakin onlar Azərbaycan kimi ən mühüm oyunçudan məhrum ola bilərlər”.