YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Həyata keçirilən siyasət sosial dövlət davranışından daha çox Azərbaycan Prezidentinin öz vətəndaşlarına münasibəti kimi qiymətləndirilməlidir

“Azərbaycanda həyata keçirilən sosial siyasət paketi sosial dövlət davranışından daha çox Azərbaycan Prezidentinin öz vətəndaşlarına münasibəti kimi qiymətləndirilməlidir. Çünki dünyada heç bir sosial dövlətin bənzər davranışına rast gəlinmir. Görülən tədbirlər də dövlətin sosial öhdəçiliyi çərçivəsini çoxdan aşıb. Bu yalnız Azərbaycan Prezidenti İlham Əliyevin Öz vətəndaşının yanında olma iradəsinin nəticəsi kimi izah edilə bilər”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, sosial özünütəcridin iqtisadi fəallığı məhdudlaşdırdığı, regional və qlobal müstəvidə idxal-ixrac münasibətlərinin minimum həddə endiyi, əmək qüvvələrinin istehsal münasibətlərinə cəlbetmənin mümkün olmadığı bir vaxta hər bir vətəndaşın hər bir problemini həll etmək əzmi sadəcə olaraq fədakarlıq və hər bir vətəndaşın Prezidenti olmaq siyasətinin nəticəsidir. Ancaq bu, məsələnin yalnız bir tərəfidir. Əgər dövlətin iqtisadi-maliyyə imkanları arzu edilən sosial siyasəti icra etməyə qadir deyilsə, o zaman yenə effektiv sosial siyasət həyata keçirmək mümkün olmaz.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən uzunmüddətli məqsədyönlü siyasət bu gün dövlətimizi iqtisadi-siyasi baxımdan elə güclü edib ki, istənilən böyük həcmli sosial yardım paketini həyata keçirə bilir. “Bununla yanaşı post-pandemiya mərhələsi üçün iqtisadi canlanma yaradacaq qərarlar da indidən qəbul edilir. Paralel olaraq koronovirus təhdidini minimuma endirmək üçün sırf tibbi müstəvidə bütün zəruru addımlar atılır, səhiyyə xidmətləri təmin edilir, bu sahədə çalışan vətəndaşlarımızın əmək haqları 3-5 dəfə artırılır. Qeyd etmək yerinə düşər ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Bunlar yalnız ümumi sosial tədbirlərin bir hissəsidir. Əlavə olaraq, Azərbaycan Prezidentinin qərarı ilə birdəfəlik ödəmə 600 min şəxsə ödəniləcək. Birdəfəlik ödəmə aprel-may aylarını əhatə edəcək, eyni zamanda da növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Alınan tədbirlərlə yanaşı qərarların icra olunması mexanizmi də olduqca vacibdir ki, hazırda müvafiq icra orqanı tərəfindən bu proses uğurla həyata keçirilir. Ona görə də, əminliklə deyə bilərik ki, hazırki tarixi mərhələdə dövlət himayəsi sosial həmrəyliyi və xalq iqtidar birliyini keyfiyyətcə yeni səviyyəyə qaldırır”-deyə, Hikmət Babaoğlu vurğulayıb.