Xəbərlər
Vətəndaş məktubları: Cənab Prezident, Azərbaycanın bu bəladan daha az itki ilə çıxması üçün atdığınız addımlar alqışa layiqdir
Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə tədbirlər davam etdirilir. Bununla bağlı atdığı qətiyyətli addımlara, xalqımızın sağlamlığının qorunması və eyni zamanda, rifahının yaxşılaşdırılması üçün verdiyi mühüm qərarlara görə respublikamızın bütün guşələrindən dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
Prezidentin saytına istinadla daha bir neçə məktubu təqdim edirik.
Bakı şəhərinin Binəqədi rayonunun sakini Tərlan Nəsirov dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində bu çətin günlərimizin tezliklə geridə qalacağına əminliyini bildirərək yazır: “Hörmətli cənab Prezident, bəşəriyyət koronavirusun yaratdığı qlobal problem ilə üz-üzədir. Pandemiya bizim ölkəmizi də sınağa çəkib. Bu çətin zamanda Azərbaycanda vəziyyətin nəzarət altında olması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birillik əməkhaqlarınızı həmin fonda ianə etməyiniz, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı göstərişiniz, qısa müddət ərzində yerli tibbi maska istehsalına başlanılması Sizin müdrik rəhbərliyinizin, uğurlu siyasətinizin nəticəsidir.
Cənab Prezident, dövlətimizin beynəlxalq ictimaiyyətlə həmrəyliyinin nümunəsi olaraq, koronavirus pandemiyasının geniş yayıldığı ölkələrin musiqisi ilə bayraqlarını proyeksiya halında dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirməsi, Sizin “Biz birlikdə güclüyük!” ifadəniz, Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı əziz həmvətənlərimizə müraciəti bir daha bunu əks etdirir ki, ən gözəl xüsusiyyətlərlə sabaha, xoş ümidlərlə rifaha doğru addımlayırıq. Əziz Prezidentimiz, inanırıq ki, bu çətin günlərimiz tezliklə geridə qalacaq. Biz Sizə güvənirik, biz Sizinlə fəxr edirik və hər zaman Sizin yanınızdayıq. Sizə bu şərəfli yolda yeni uğurlar diləyirik. Ulu Tanrı Sizi və ailənizi qorusun!”.
Bakı şəhər sakini Nərgiz Vəliyeva da bu bəladan tez bir zamanda çox zərər çəkmədən xilas olacağımıza inandığını bildirir. O yazır: “Hörmətli cənab Prezident, COVID-19 pandemiyası ilə bağlı sahibkarlara ayırdığınız maliyyə dəstəyi üçün xalqımızın adından və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, bizim, bütün xalqımızın bu çətin sınaqdan çıxmasına göstərdiyiniz köməyə görə Sizə və Sizin göstərişlərinizə uyğun olaraq vətəndaşlarımızın qayğısına qalan dövlət orqanlarına sonsuz minnətdarlığımı çatdırmaq istərdim. Arzum budur ki, ölkəmiz bu cür sınaqlardan daim alnıaçıq çıxsın. Əminəm ki, bu bəladan tez bir zamanda çox zərər çəkmədən xilas olacağıq. Çünki biz güclü Lideri olan bir xalqın övladlarıyıq”.
Sabirabad rayon sakini Zamin Qarayev dövlətimizin başçısının Azərbaycanın bu bəladan daha az itki ilə çıxması üçün gördüyü qabaqlayıcı tədbirlərin alqışa layiq olduğunu vurğulayaraq yazır: “Cənab Prezident, Yer kürəsini cənginə almış koronavirus pandemiyasının dünya ölkələrinə vurduğu zərərin miqyası hər kəsə məlumdur. Bu baxımdan, Azərbaycanın bu bəladan daha az ziyan, daha az itki ilə çıxması üçün gördüyünüz qabaqlayıcı tədbirlər alqışa layiqdir. Pandemiya ilə əlaqədar ölkəmizdə həm səhiyyə, həm sosial, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində atılan addımlar vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaratmış, rəhbərinə inamı daha da artırmışdır. Mən bütün sabirabadlılar adından və şəxsən öz adımdan buna görə Sizə dərin təşəkkürümü bildirir, “Çox sağ olun!” deyirəm. Sizinlə qürur duyuruq, cənab Prezident!”.
Vətəndaşlarımızın mənafeyini düşünüb addım atdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirən Bakı şəhər sakini Ramilə Nəsirova yazır: “Cənab Prezident, bu çətin günlərdə bizimlə yaxından maraqlandığınız, bizə qayğı göstərdiyiniz, hər zaman vətəndaşlarımızın mənafeyini düşünüb addım atdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Siz hər zaman ulu öndərimiz Heydər Əliyevin yolunu davam etdirmisiniz, həmişə xalqın qayğısına qalmısınız. Siz əhalinin hər təbəqəsi ilə daim elə maraqlanırsınız ki, sanki hər bir azərbaycanlı ailəsində varsınız. Biz Sizinlə, Sizin liderliyinizlə, dövlətimizlə, bayrağımızla fəxr edirik. Biz Sizinlə bu günlərin öhdəsindən gələcəyik, çünki biz Sizinlə birlikdə güclüyük. Allah Sizə uzun ömür, cansağlığı nəsib etsin, daima dövlətimizin başında olasınız”.
Vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq edənlər arasında Naftalan şəhər sakini Hüseyn Məhərov da var. O, dövlətimizin başçısına ünvanladığı məktubda yazır: “Möhtərəm cənab Prezidentimiz, Sizin yorulmaz əməyiniz sayəsində bu gün ölkəmizdə vəziyyət faciəvi şəkil almadı. Yoxsa biz də başqa ölkələrdə olduğu kimi ağır vəziyyətə düşə bilərdik. Sizin tapşırığınızla respublikamızın bütün bölgələrində, o cümlədən Naftalan şəhərində bu yoluxucu xəstəliyə qarşı təxirəsalınmaz ciddi mübarizənin aparılması nəticəsində artıq ölkəmizdə koronavirus infeksiyasından sağalanların sayı yoluxanların sayını üstələyib. Həmçinin bununla bərabər bu dövrdə işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrin sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasını, sahibkarlara dəstək göstərilməsini xüsusi diqqətdə saxladınız. Çox hörmətli cənab Prezidentimiz, bütün bu işlərə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Sizə uzun ömür, cansağlığı, Vətən və xalq naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Yaradan günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı, Sizi və ailənizi qorusun!”.
Şirvan şəhərindən olan məktəbli Nurcan Rzayeva Prezident İlham Əliyevə minnətdarlığını aşağıdakı sözlərlə ifadə edir: “Çox hörmətli cənab Prezidentimiz. Mən əminliklə deyə bilərəm ki, bütün Azərbaycan uşaqları Sizi sevir. Siz bu çətin günlərdə bütün məktəblilərin dostu oldunuz. Bizim hər birimizi xəstəlikdən qorudunuz. Mən gələcəkdə həkim olmaq istəyirəm. Bütün insanların sağlamlığının qayğısına qalmaq istəyirəm. Vətənimizi, elimizi qorumaq istəyirəm. Kaş ki, Sizin kimi Vətəninə bağlı bir Azərbaycan vətəndaşı ola biləydim. İnşallah, arzularıma çataram. Sizin xeyir-duanızla Sizin rəhbəri olduğunuz bir dövlətdə bu gün möcüzələr yaradan həkimlərimiz kimi insanların sağlamlığının keşiyində dayanaram. Sonda bilməyinizi istəyirəm ki, bizim sağlam ruhda böyüməyimizin səbəbkarı Sizsiniz. Allah Sizi qorusun!”.
Ağdam rayonunun sakini Şahin Bəylərov isə Azərbaycanın koronovirusla mübarizədə digər ölkələrə nümunə göstərilməsinin qürurverici olduğunu qeyd edir. O yazır: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmaması üçün tərəfinizdən operativ və təxirəsalınmaz qərarların qəbul edilməsinin, o cümlədən zərər çəkən sahibkarlara, muzdla işləyənlərə, maddi imkanı zəif olanlara yardım edilməsi məqsədilə böyük məbləğdə maliyyə vəsaitinin ayrılmasının və çoxsaylı digər tədbirlərin nəticəsidir ki, ölkəmiz bu xəstəliklə mübarizədə müsbət göstəricilərə nail olub. Hətta Azərbaycanın koronovirusla mübarizə üsulunun digər ölkələrə nümunə göstərilməsi bizdə qürur hissi yaratmışdır. Cənab Prezident, ölkə vətəndaşlarının hər birinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və xalqımızı qorusun!”.
Bu çətin günlərdə hər bir vətəndaşın sağlamlığının qayğısına qaldığına görə dövlətimizin başçısına minnətdarlıq edən Tovuz rayonunun Yanıqlı kəndinin sakini Rauf Quluzadə yazır: “Möhtərəm cənab Prezident, Azərbaycan xalqının bu çətin günlərində hər bir vətəndaşın sağlamlığının qayğısına qaldığınız üçün Sizə ailəmiz adından təşəkkür edirəm. Mənim bir balaca oğlum var. O deyir ki, mən hamıdan çox Prezidentimizə inanıram, onu hamıdan çox istəyirəm. Bu onu göstərir ki, Sizin hər bir vətəndaşın ürəyində xüsusi yeriniz var. Bu çətin günlərdə Allah Sizə və Sizinlə bərabər zəhmət çəkənlərin, vətən keşiyində duranların köməyi olsun!”.
Sumqayıt şəhər sakini İlkin Şirinov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Möhtərəm cənab Prezident, bu ağır günlərdə Sizə bu məktubu yazmağı özümə borc bildim. Sizə olan istək və hörmət qəlbimin dərinliyindən gələn səmimi hisslərdir. Bütün dünyanın bu dəhşətli pandemiyanın qarşısında diz çökdüyü bir dövrdə Siz məğrurluqla xalqımızın sağlamlığının, həyatının və təhlükəsizliyinin keşiyində durmusunuz. Buna görə Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Siz xalqın xilaskarı və qoruyucususunuz. Mən və yaxınlarım daim fəxrlə deyirik: nə yaxşı ki, varsınız, bizimləsiniz, xalqın əsl qəhrəmanısınız, cənab Prezident!”.
Dünyanın bir sıra ölkələrinin Azərbaycanın koronavirusla mübarizə təcrübəsindən bəhrələndiyini bildirən Bakı şəhər sakini Flora Vəliyeva yazır: “Möhtərəm cənab Prezident, biz – şəhid ailələri və məcburi köçkünlər həmişə Sizin qayğı və diqqətinizi hiss etmişik. Dünyanın belə bir bəlaya düçar olduğu bu günlərdə Sizin necə güclü bir dövlət başçısı olmağınız pandemiyaya qarşı apardığınız mübarizədə özünü bir daha aşkar büruzə verdi. İndi dünyanın bir sıra ölkələri Azərbaycanın koronavirusla mübarizə təcrübəsindən bəhrələnir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bütün azərbaycanlıları ayağa qaldırdı. Doğrudan da biz birlikdə güclüyük. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciəti bir daha sübut etdi ki, Azərbaycan vətəndaşının sağlamlığı Sizlər üçün nə qədər önəmli məsələdir. Mən və Saleh Poladi adına 159 nömrəli tam orta məktəbin kollektivi Sizin apardığınız siyasəti tam dəstəkləyir, bu çətin yolda Sizə cansağlığı arzulayır, Sizinlə birlikdə olduğumuzu bildiririk. Fəxr edirik ki, Sizin kimi güclü dövlət başçımız var. Uca Tanrı Sizi və ailənizi qorusun!”.
Bakı şəhərinin Xəzər rayonunun Qala qəsəbəsinin sakini Vüqar Əhmədov məktubunda yazır: “Hörmətli cənab Ali Baş Komandan, Sizi salamlayır və bu məktubumda Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Dünyanı bürüyən bu ağır xəstəlik dövründə xalqın yanında olmağınız, məni bir sıravi vətəndaş kimi çox qürurlandırdı. Bununla yanaşı öncədən düşünülmüş iqtisadi, siyasi addımlarınız bu gün ölkəmizdə normal həyat sürməyimizə imkan yaradır. Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident. Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun!”.
Abşeron rayonunun Xırdalan şəhərinin sakini Ceyhun Əmiraslanov dövlətimizin başçısının düşünülmüş siyasəti sayəsində bu bəlaya qalib gələcəyimizə əminliyini ifadə edərək yazır: “Hörmətli cənab Prezident, hazırda bəşəriyyət üçün əsl faciəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə xalqımız Sizin və Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq birlik, həmrəylik nümayiş etdirdi. Əminik ki, Sizin sayənizdə bu bəlaya qalib gələcək, hazırkı ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq. Artıq zəhmətinizin nəticəsi olaraq ölkəmizdəki mənzərə vəziyyətin yaxşılığa doğru getdiyini göstərir. Əziz Prezidentimiz, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı arzulayırıq. Ulu Tanrı Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımıza daim xoş günlər və tərəqqi qismət etsin”.
Azərbaycan Prezidentinin koronavirusa qarşı təxirəsalınmaz addımlar atdığını, xalqınızın qayğısına qalaraq çox ciddi göstərişlər verdiyini vurğulayan Cəlilabad rayonunun Üçtəpə kəndinin sakini Ramil Yariyev yazır: “Əziz və hörmətli cənab Prezident, Azərbaycan Respublikasının inkişaf edib güclənməsində Sizin çox böyük əməyiniz var. Siz Azərbaycanın haqq səsini hər zaman yüksək tribunalarda səsləndirib üçrəngli bayrağımızı ən uca zirvələrdə dalğalandırmısınız. Biz Yariyevlər ailəsi daim Sizin yürütdüyünüz daxili və xarici siyasəti bəyənmişik və dəstəkləyirik. Hər zaman Sizin yanınızda olaraq, Sizinlə birgə bu dövlətə, xalqa xidmət etməyi özümüzə borc bilmişik. Bu gün dünyanı cənginə alan koronavirus bəlasına qarşı yubanmadan, təxirəsalınmaz addımlar atmağınız və eyni zamanda, öz xalqınızın qayğısına qalaraq çox ciddi göstərişlər verməyiniz bizi olduqca sevindirir. Sizinlə qürur duyuruq. Yaşasın Azərbaycan və onun müdrik Prezidenti İlham Əliyev! İnanıram ki, Sizin köməyiniz nəticəsində biz birlikdə bu çətinliyin də öhdəsindən tezliklə gələcəyik. Cənab Prezident, Sizi əmin edirəm ki, daim Sizin yanınızda olaraq bütün tapşırıqlarınızı dərhal və məsuliyyətlə yerinə yetirəcəyik”.
Şəmkir rayonunun Əliyaqublu kəndinin sakini Mahir Kazımov dövlətimizin başçısının xalqımızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi etdiyini vurğulayaraq yazır: “Çox hörmətli və əziz Prezidentimiz, Siz ümummilli liderimiz Heydər Əliyev siyasi məktəbinin yetirməsi, onun zəngin təcrübəsindən yararlanan dövlət başçısısınız. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən nüfuzlu, qüdrətli dövlətləri sırasına yüksəlmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Siz dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi edir, Azərbaycan xalqının sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Buna görə də Azərbaycan xalqı Sizinlədir. Mən və ailə üzvlərim Sizə cansağlığı, uzun ömür, yeni nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun. Azərbaycanın daha gözəl günləri hələ qabaqdadır”.