Xəbərlər
Sevinc Hüseynova: İqtisadiyyatın dayanıqlılığının nəticəsidir ki, koronavirus pandemiyasının vura biləcəyi zərərlərin qarşısının alınması üçün geniş sosial-iqtisadi paket həyata keçirilir
“Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində müşavirə göstərdi ki, ölkəmizin iqtisadiyatı dayanıqlıdır. Məhz bu dayanıqlılıq nəticəsində koronavirus pandemiyasının vura biləcəyi zərərlərin qarşısının alınması üçün geniş sosial-iqtisadi paket həyata keçirilir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, müşavirədə bu ilin üç ayı ərzində görülən işlər geniş müzakirə olundu, eləcə də dövlətimizin başçısı qarşıda duran vəzifələrlə bağlı hökumətə müvafiq tapşırıqlar verdi. Onun sözlərinə görə, Prezident İlham Əliyev müşavirədə koronavirusla mübarizə tədbirləri, pandemiyanın genişlənməməsi üçün qabaqlayıcı tədbirlər, sosial-iqtisadi durum, belə bir şəraitdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fikirlərini ifadə edib: “Müşavirədə bu fikir xüsusi qeyd edildi ki, 2020-ci ilin yanvar-fevral aylarının sosial-iqtisadi göstəricilərinə diqqət yetirdikdə Azərbaycanın iqtisadiyyatının möhkəm təmələ əsaslandığını böyük əminliklə qeyd edə bilərik. Bu dövrdə ümumi daxili məhsul 3 faizə yaxın artıb. Qeyri-neft sektorunda artım 7 faizə yaxındır. Müşavirədə pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, imzalanın Fərman və sərəncamlardan, bu səndələrə uyğun olaraq Nazirlər Kabinetinin qəbul etdiyi qərarlardan və onların uğurlu icrasından geniş bəhs olunaraq vurğulanıb ki, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır”.
Millət vəkili söyləyib ki, görülən işlər gələcəyə nikbinliklə baxmağa əsas verir. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əsasında sosial müdafiə gücləndirilir, ölkəmizdə işsizlik və yoxsulluq səviyyəsi aşağı enir. Son 16 ildən artıq dövr ərzində həyata keçirilən Dövlət proqramları nəticəsində paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırılıb, bütün rayon, kənd və qəsəbələrin siması dəyişıb, infrastruktur müasir standartlara uyğun yenilənib. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu əminliyi də ifadə edib ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ölkə Prezidenti bu mühüm məqamı da xüsusi qeyd etdi ki, görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Müşavirədə dövlətimizin başçısı radikal müxalifətin ölkəmizin və xalqımızın əleyhinə yönəlmiş fəaliyyətini pisləyib. Əlbəttə ki, antiazərbaycançı mərkəzlərin maraqlarına qulluq göstərən radikal müxalifətin, “5-ci kolon”un belə fəaliyyəti yolverilməzdir. Onlar xaricdən sifariş alaraq ölkəmizdə qarşıqlıq yaratmaq istəyirlər. bu da onu göstərir ki, belələri üçün milli dəyərlər, müstəqil dövlətçiliyimiz və milli maraqlarımız yaddır və onlar xaricdəki antiazərbaycan dairələrin əlində alətə çevrilib. Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı və cəmiyyəti onları rədd edir”.