YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar İskəndərov: Yeni siyasi partiyaların qeydiyyatı dövlətimizin siyasi dialoqun və milli həmrəyliyin daha da güclənməsi istiqamətində davamlı addımlar atmasının növbəti təzahürüdür

"Hazırkı mərhələdə Azərbaycanın dinamik inkişafına mühüm töhfələr verən strateji amillərdən biri ölkəmizdə iqtisadi və siyasi islahatların paralel surətdə davam etdirilməsidir. Çoxşaxəli islahatlar idarəetmədə çeviklik və funksionallığın artırılmasına xidmət etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirir. Bu kontekstdə siyasi islahatlar kursunun əhəmiyyətini xüsusi vurğulamaq gərəkdir". Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib.

Dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanda islahatların hakimiyyətin hər üç qolunu əhatə etdiyini deyən millət vəkili bildirib: "Parlament səviyyəsində reallaşdırılan islahatlar milli həmrəyliyə xidmət edən yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından olduqca önəmlidir. Cari ilin fevral ayının 9-da ölkəmizdə keçirilmiş parlament seçkilərindən sonra müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə, eyni zamanda, müxalifət nümayəndələri parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçildilər. Bu, əlbəttə ki, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış çox mühüm addımdır. Paralel olaraq hakimiyyət tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi strateji əhəmiyyətə malikdir. Milli maraqları üstün tutan siyasi qüvvələrin mütləq əksəriyyəti bu dialoq təklifinə müsbət reaksiya verməklə konkret mövqe sərgilədilər”.

Vüqar İskəndərov deyib ki, aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində müşavirədəki nitqində dövlətimizin başçısının vurğuladığı kimi hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. “Lakin bununla belə, Azərbaycanın inkişafını istəməyən, ölkəmizin uğurlarının üzərinə kölgə salmağa çalışan marginal qrup - radikal düşərgə təmsilçiləri dialoqdan imtina etməklə növbəti dəfə antimilli mövqe nümayiş etdirdilər. Cənab Prezidentin həmin nitqində də bildirdiyi kimi dialoqdan imtina edənləri siyasi qüvvə adlandırmaq düzgün olmaz: “Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır”. Bəli, dövlətimizin başçısının da bəyan etdiyi kimi bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz. Hesab edirəm ki, yeni siyasi konfiqurasiyada bu cür marginal qruplaşmaya yer yoxdur” deyən millət vəkili radikalların bu yanaşma ilə özlərini bütün proseslərdən təcrid etdiyini bildirib.

Açıqlamasında həmçinin ölkəmizdə yeni siyasi partiyaların qeydiyyata alınmasının yeni siyasi münasibətlərin təzahürü olduğunu deyən Vüqar İskəndərov qeyd edib ki, Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyata alınması müsbət hal olmaqla yanaşı, siyasi dialoq və inkişaf mühitinin növbəti ifadəsidir: "Bu, eyni zamanda, ölkəmizdə çoxpartiyalı sistemin inkişafı istiqamətində mühüm addım olmaqla yanaşı, siyasi dialoq prosesinə əlavə töhfə verən təqdirəlayiq haldır. Bir sözlə, yeni siyasi partiyaların qeydiyyatı dövlətimizin siyasi dialoqun və milli həmrəyliyin daha da güclənməsi istiqamətində davamlı addımlar atmasının növbəti təzahürüdür. Bu məqamda müxalifət partiyalarının üzərinə düşən əsas vəzifə isə odur ki, onlar hər zaman dövlətçilik mövqeyindən çıxış etməli, ölkəmizə qarşı düşmən mövqedə olan ayrı-ayrı xarici dairələrin deyil, xalqın, dövlətin mənafeyini əsas götürməlidirlər".

DİGƏR Xəbərlər Arxiv