Xəbərlər
Ramin Məmmədov: Sabirabad rayonunda karantin rejimi çərçivəsində tədbirlər davam etdirilir
Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Azərbaycan dövlətinin ilk gündən infeksiyasının qarşısının alınması, virusa yoluxmanın əhatə dairəsinin genişlənməməsi istiqamətində göstərdiyi səylərin, həyata keçirdiyi tədbirlərin nəticələri göz önündədir.
Bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, koronavirus (COVID-19 ) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanın digər yerlərində olduğu kimi, Sabirabad rayonunda da xüsusi karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən əhalinin sosial təcridinin gücləndirilməsi işi daha da ciddi xarakter alıb. Bundan irəli gələn mühüm tədbirlərdən biri də şəhərlər və rayonlararası gediş-gəlişlərə məhdudiyyət və qadağaların qoyulmasıdır. Belə bir vəziyyətdə Sabirabad-Salyan yolu ərazisində yerləşən və əhalisi 20 mindən çox olan 12 kənd aptekin olmaması ilə bağlı müəyyən çətinliklər yaşamışdır. Kənd sakinləri gündəlik təlabat mallarını əldə etmək üçün Şirvan və Salyan şəhərlərinə səfər edirdilər. Mövcud vəziyyətlə bağlı yaranmış çətinlikləri aradan qaldırmaq üçün ilkin addımlar atılmış, 7 tibb məntəqəsi (Qarağac, Poladtuğay, Xankeçən, Muğangəncəli, Cəngan, Çiçəkli, Salmanlı) və 2 sahə xəstəxanasının (Yaxa Dəllək və Azadkənd) fasiləsiz, davamlı faəliyyəti təşkil edilmiş, xəstələr üçün ilkin tibbi yardım ləvazimatları 9 tibb məntəqəsinə göndərilmiş, sakinlərin dərmanlarla pulsuz təchizatı təmin edilmişdir.