YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin

“Bu günə olan məlumata görə, Azərbaycanda koronavirusa yoluxanların sayı 584 nəfərdir. Göründüyü kimi, son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları artır və sosial şəbəkələrdə də bununla bağlı geniş müzakirələr aparılır, müxtəlif suallar ortaya çıxır”. Bu fikri  Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanda infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var: “Yaddan çıxarmayaq ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından (ÜST)  məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilkin vaxtlarda ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi gündəlik  müayinələrin sayı mindən çoxdur. Bu günədək  ölkədə 50 minə qədər test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb. Həmçinin Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar almaqdadır. O da faktdır ki, xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir. Bu baxımdan təsadüfi deyil ki, məhz  ilkin dövrlərdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdı. İndi isə həm də ölkə daxilində insanların biri-birini yoluxdurması halları qeydə alınır.”

“ÜST-ün məlumatına görə, indiyədək Ermənistanda  833 yoluxma və 8 ölüm faktı qeydı alınıb. Əhalisinin sayı və ərazisi Azərbaycandan xeyli kiçik olan işğalçı Ermənistanda yoluxma hallarının yüksək olması bu ölkədə testin az aparılması ilə birbaşa bağlıdır. Məsələ burasındadır ki, Ermənistanda indiyədək Azərbaycanla müqayisədə 5 dəfəyə yaxın az, yəni cəmi 7994 test aparılıb. Gürcüstanda isə yoluxmaların sayı 188 nəfər təşkil edir, lakin 2 ölüm halı qeydə alınıb”  deyən Vüqar Rəhimzadə əlavə edib ki, dünya təcrübəsinə gəldikdə Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları yüksələn xətt üzrə inkişaf edəndə bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir: “Avropa ilə müqayisədə ABŞ-da pandemiyanın yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altlndadır. Bir sözlə, regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir”.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət dövlət başçısının ciddi nəzarətdədir: “Koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə bütün zəruri addımlar atılır və tətbiq olunan xüsusi karantin rejimi də vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edir. Lakin hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin. Hər bir vətəndaş belə bir çətin vəziyyətdə məsuliyyətini dərindən dərk etməli, qəbul olunan qaydalara, verilən tövsiyələrə ciddi riayət olunmalı, məsələyə həssas yanaşılmalıdır. Artıq bütün dünyada koronavirus epidemiyasının tüğyan etdiyi indiki məqamda bir şəxsin məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusa yoluxma təhlükəsi ilə üz-üzə qala bilər. Bu gün  koronavirusun yayıldığı hər bir ölkə real təhlükə mərhələsinə qədəm qoyub, yoluxma və ölümlərin sayı durmadan  artır və bundan sonra da çoxalacağı ehtimal olunur. Buna görə də vətəndaşlar nəzərə almalıdırlar ki, hər dəfə evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir. Bu səbəbdən  də vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara ciddi əməl etməklə həm özlərini, həm də yaxınlarını xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamalıdırlar.”