YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiz daha məqsədyönlü olmalıdır

Beynəlxalq təşkilatlar çərçivəsində bizim fəaliyyətimiz daha məqsədyönlü olmalıdır. Orada bizi təmsil edən deputatlar fəal olmalıdırlar, turist kimi getməməlidirlər, sonra hesabat verməlidirlər ki, nə iş görmüsən, kiminlə görüşmüsən, hansı məsələni qaldırmısan. Yoxsa bəzi hallarda bu, turist səfərlərini xatırladır. Getdik, görüşdük, oturduq, danışdıq, yedik, qayıtdıq. Özü də bəzi səfərlər, ümumiyyətlə, qəbuledilməzdir. Mən bu gün bu haqda çox danışmaq istəmirəm, amma bilirəm nə baş verir, hansı hadisələr baş verir.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında vurğulayıb.

“Ona görə biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq. O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır. Qərəzli yanaşmanı ifşa etmək lazımdır. Necə ki, mən daim bunu edirəm və kifayət qədər faktlar var. Bunu demək üçün siyasətçi olmaq lazım deyil. Adi vətəndaş bunu görür televiziyada. Baxın, bizə demokratiyadan dərs vermək istəyənlər hansı cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Jurnalistləri əsassız ittihamlarla həbs edirlər, çürüdürlər onları. Göz qabağındadır, dinc nümayişçiləri itlərlə, atlarla dağıdırlar. Bir ölkədə yox, iki ölkədə yox, demək olar ki, bu, indi bizi tənqid etmək istəyən məkanda kütləvi hal alıbdır. Müsəlman miqrantlara qarşı baxın, necə münasibət göstərilir. Onları XXI əsrdə itlərlə əzirlər, qəfəsə salırlar. Sona isə qəfəsə yemək parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?!

İndi də bütün vasitələrdən istifadə edib onları əzmək fikrindədirlər. Bəs o miqrantlar haradan yarandı? Nə üçün onlar yarandı? Nəyə görə öz ölkələrini tərk etdilər? Kim onların ölkələrinə basqın etdi? Kim o ölkələri məhv etdi? Kim sabitliyi pozdu? Kim milyonlarla qaçqının yaranmasına səbəbkar oldu? Ona görə kim bunu edibsə, qoy, onun acısını da çəksin. Nə üçün Türkiyə, bizim qardaş ölkəmiz 4 milyon qaçqını qəbul etməlidir, yedirməlidir, içirməlidir, milyardlarla pul xərcləməlidir? Bunları Türkiyəmi didərgin salıb? Yox. Onları didərgin salanlar gəlib onlara sahib çıxsınlar.

Bütün bunları demək lazımdır. Mən bu gün bu kürsüdən bunu deyirəm, açıq, heç kimdən çəkinmədən. Çünki mən haqlıyam və həqiqətə qarşı heç kim heç nə deyə bilməz”, - deyə Prezident İlham Əliyev vurğulayıb.