YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Vətəndaşların sağlamlığı hər zaman möhtərəm Prezidentimizin diqqət mərkəzindədir

“Son illər Azərbaycanda aparılan uğurlu islahatlar ümumi inkişafa böyük töhfələr verməklə yanaşı, regionların simasını əsaslı şəkildə dəyişir, insanların sosial şəraitini daha da yaxşılaşdırır. Möhtərəm Prezidentimiz mütəmadi olaraq ayrı-ayrı rayonlara səfərlər edir, insanlarla görüşür, onların problemlərini, qayğılarını öz dillərindən eşidir və həlli ilə bağlı ciddi tapşırıqlar verir. Bununla cənab Prezident Azərbaycan dövlətinin hər zaman öz vətəndaşının yanında olduğunu nümayiş etdirir. Elə ölkəmizin başçısının regionlara hələ də davam edən son səfərləri də bunu sübut edir. Son günlər dünya gündəmini zəbt edən koronavirus təhlükəsinə, kütləvi tədbirlərin məhdudlaşdırılmasına baxmayaraq, dövlətimizin rəhbəri regionlara səfərlərini təxirə salmadı. Hətta xüsusi olaraq vurğulamaq lazımdır ki, bu səfərlər digərlərindən daha genişmiqyaslı və uzunmüddətli oldu. Möhtərəm Prezidentimiz bir neçə rayonda müxtəlif obyektlərin açılışında iştirak etdi, insanlarla görüşdü. Bütün bunlar bir daha insan amilinin Azərbaycanda dövlət siyasətinin əsas istiqaməti olduğunu sübut edir”. Bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, hazırda ölkəmizdə səhiyyə xidmətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır: “Bu gün nəinki paytaxtda, ayrı-ayrı rayonlarda ən yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş müasir tipli səhiyyə ocaqları istifadəyə verilir. Məqsəd insanlara göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə möhtərəm Prezidentimizin Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etməsi bir daha göstərdi ki, ölkəmizdə müasir səhiyyə infrastrukturu formalaşdırılır və vətəndaşların sağlamlığı hər zaman diqqət mərkəzindədir. Son 16 ildə bölgələrdə 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub, 5 xəstəxananın tikintisi davam edir. Ümumilikdə isə ötən 16 ildə ölkədə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Qeyd etdiyimiz statistik rəqəmlər dediklərimizin əyani göstəricisidir”.

“İki sahil” qəzetinin baş redaktoru əlava edib ki, hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət tam nəzarətdədir: “Məlum olduğu kimi, möhtərəm Prezidentimizin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi Operativ Qərargah yaradılıb, təxirəsalınmaz tədbirlərin görülməsi üçün 10 milyon manat ayrılıb. Tədris, təlim-tərbiyə müəssisələri müvəqqəti bağlanılıb, maarifləndirmə işləri davam etdirilir, kütləvi tədbirlər təxirə salınıb, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıb. Bir sözlə, vəziyyət tam nəzarət altındadır”.