YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

29 saylı Səbail seçki dairəsindən YAP-ın namizədi Aytən Hüseynova rayonun şəhid ailələri ilə görüşüb

9 fevral 2020-ci il tarixində keçiriləcək Parlament seçkilərində 29 saylı Səbail seçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Aytən Hüseynova fevralın 3-də Səbail rayonunda şəhid ailəsi üzvləri ilə görüşdü.

Çıxış edən YAP namizədinin səlahiyyətli nümayəndəsi, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov qarşıdan gələn və ictimai-siyasi əhəmiyyətinə görə mühüm hadisə olan 9 fevral Parlament seçkiləri və Səbail rayonunda seçki öncəsi aparılan təbliğat-təşviqat işləri haqqında danışdı. Z.Bayramov görüş iştirakçılarına Yeni Azərbaycan Partiyasının 29 saylı Səbail seçki dairəsi üzrə vahid namizədi Aytən Hüseynovanın əmək və ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat verərək hər kəsi seçki günü fəal olmağa və bu seçkilərdə də daha güclü və daha dinamik inkişaf edən müstəqil Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə dəvət etdi.

Şəhid ailələri ilə bugünkü görüşdən son dərəcə məmnun olduğunu xüsusi qeyd edən YAP-ın namizədi Aytən Hüseynova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiram və məhəbbətlə yad edərək bildirdi ki, biz bugünkü firavan və rahat həyat şəraitimiz, müstəqil dövlətçiliyimiz üçün qəhrəman şəhidlərimizə minnətdar olmalı, onların əbədiyaşar xatirəsini əziz tutmalı, şəhid ailələrinə daim ən yüksək diqqət və qayğıyla yanaşmalı və onların həyat şəraitinin yaxşılaşması üçün əlimizdən gələni əsirgəməməliyik. Bu, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. 9 fevral parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının seçki proqramı, təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon sakinləri ilə əhalinin sıx yaşadığı yerlərdə, Badamdar və Bibiheybət qəsəbələrində, Bayılda keçirdiyi görüşlər haqqında danışan YAP-ın namizədi bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının qələbəsini şərtləndirən amilləri görüş iştirakçılarının diqqətinə çatdırdı. A.Hüseynova Azərbaycanın son illərdəki dinamik iqtisadi inkişafı, ölkəmizin ildən-ilə yüksələn sosial-iqtisadi göstəriciləri və əhalinin rifah şəraiti haqqında məlumat verərək bildirdi ki, şəhid ailələri daima dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Şəhid ailələrinin sosial müavinətləri ildən-ilə yüksəldilir, birdəfəlik ödənişlər həyata keçirilir, onlara mənzillər, nəqliyyat vasitələri hədiyyə olunur. Bütün bu qeyd olunanlar məhz möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir, bu siyasəti dəstəkləmək və ölkə başçısının ətrafında daha da sıx birləşmək lazımdır.

Çıxış edən şəhid ailəsi üzvlərindən Vəkil Qasımov, Sevinc Əliyeva, Əhməd Osmanov və digərləri ölkəmizdə şəhid ailələrinə göstərilən hərtərəfli dövlət qayğısı üçün ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər və onlara ayrılan təqaüd və sosial müavinətlərdən razılıqlarını ifadə etdilər. YAP namizədinə arzu və istəklərini, onları narahat edən sosial-məişət problemlərinin həlli istiqamətindəki təkliflərini bildirən şəhid ailəsi üzvləri Aytən Hüseynovaya qarşıdan gələn parlament seçkilərində uğurlar arzu etdilər. Vurğulandı ki, şəhid ailə üzvləri 9 fevral günü seçki məntəqələrinə gələcək və hamılıqla Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklər.

Səsləndirilən təklifləri diqqətlə dinləyən və qeydlər aparan 29 saylı Səbail seçki dairəsi üzrə YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Aytən Hüseynova şəhid ailələrinə səmimi görüş üçün ürəkdən təşəkkür etdi və şəhid ailələri ilə görüşlərin mütəmadi şəkildə bundan sonra da təşkil olunacağını bildirdi.