YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Azərbaycana keçmişdir

Mayın 6-da Vyanada Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyası keçirilmişdir.

Avstriyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Sebastian Kurtsun sədrliyi ilə keçən sessiyada müzakirə olunan əsas mövzulardan biri Ukraynadakı mövcud vəziyyət, tərəflər arasında dialoq mühitinin yaradılması və problemin aradan qaldırılması yolları olmuşdur. Sessiyada, həmçinin Avropanın qonşuluğunda yerləşən regionlarla bağlı siyasəti, Avropa İnsan Haqları Konvensiyası sisteminin təsirliliyinin davamlılığının təmin edilməsi məsələləri diqqət mərkəzində olmuşdur.

Avropa Şurasının baş katibi Torbyorn Yaqland sessiyada Avropada insan haqları, qanunun aliliyi və demokratiyanın vəziyyətinə dair hesabatla çıxış etmişdir.

Sessiyanın sonunda Avstriyanın xarici işlər naziri Sebastian Kurts ölkəsinin ötən altı ayda təşkilata sədrliyi dövründə fəaliyyətinə dair icmal xarakterli çıxış etmiş və təşkilatın Nazirlər Komitəsinə sədrliyin rəmzi açarını Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim etmişdir.

Sədrliyi qəbul edən Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov çıxış edərək ölkəmizin sədrlik dövrü üçün prioritet istiqamətləri barədə danışmışdır.

Nazir demişdir: “Baş katibin “Avropada insan hüquqlarının vəziyyəti, qanunun aliliyi və demokratiya” üzrə hesabatı hazırkı vəziyyətin ümumi qiymətləndirilməsi və bizim dəstəklədiyimiz yanaşmanı özündə əks etdirir və nöqsanların aradan qaldırılması üçün mümkün vasitələri təklif edir. Buna baxmayaraq çox diqqətlə nəzərdən keçirilməli hesab etdiyimiz vacib bir məsələni vurğulamağı özümə borc bilirəm: hesabat Avropa Şurasının həll olunmamış münaqişə zonalarında nəzarət mexanizmlərinin həmin ərazilərə edilən səfərlərdən sonra hesabatvermə prosedurları vasitəsilə gücləndirilməsinin zəruriliyini vurğulayır. Biz bütün Avropada insan hüquqları standartlarının tam şəkildə tətbiqinin təmin olunmasının əhəmiyyətini və münaqişə zonalarında məskunlaşmış əhalinin müdafiəsinin zəruriliyini anlayırıq. Lakin bu müddəa müvafiq üzv ölkələrin ərazi bütövlüyünə zidd olaraq asanlıqla sui-istifadə və manipulyasiya edilə bilən bir vəziyyətə gətirib çıxara bilər. Məhz bu səbəbdən biz mürəkkəb həll prosesini daha da çətinləşdirə biləcək bu kimi həssas məsələlərdə son dərəcə ehtiyatlı olmalıyıq”.

E.Məmmədyarov bildirmişdir ki, qonşu Ermənistanın işğalla müşayiət olunan və davam edən təcavüzündən və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində törədilmiş etnik təmizləmədən əziyyət çəkən dövlət kimi Azərbaycanın möhkəm və qəti mövqeyi ondan ibarətdir ki, Avropa Şurasının nümayəndələrinin və onun monitorinq mexanizmlərinin münaqişə zonalarına səfərləri yalnız aidiyyəti dövlətin açıq-aydın razılığı əsasında həyata keçirilə bilər. Əks təqdirdə, bu səfərlər beynəlxalq hüququn normaları ilə ziddiyyət təşkil edəcək və qeyri-leqal addım kimi qiymətləndiriləcəkdir.

Nazir qeyd etmişdir ki, Azərbaycan ardıcıl olaraq çoxsaylı demokratik islahatları uğurla həyata keçirərək Avropa Şurasına daxil olma prosesində üzərinə götürdüyü bütün öhdəlik və tələbləri həyata keçirmişdir. Əminik ki, yeni qəbul olunmuş və tezliklə Baş katibin Bakıya səfəri zamanı başlanacaq 2014-2016-cı illər üçün Avropa Şurası-Azərbaycan Fəaliyyət Planı gələcək illərdə Azərbaycan ilə Avropa Şurası arasında uğurlu əməkdaşlıq üçün digər əhəmiyyətli alət olacaqdır.

E.Məmmədyarov demişdir: “Azərbaycan növbəti 6 ay ərzində Nazirlər Komitəsinə sədrlik etmək hüququna malik olacaqdır. Sədrliyimiz müddətində, yarandığı ildən bəri Avropa Şurası məqsədlərinin gələcəkdə inkişaf etdirilməsində əlimizdən gələn səyləri əsirgəməyəcəyik”.
Ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövrü üçün prioritet istiqamətləri barədə danışan nazir bildirmişdir ki, Azərbaycan sədrliyi təşkilatın yaranmasının 65 illik yubileyinin keçirildiyi tarixi bir məqamda qəbul etmişdir. Avropa Şurasına üzv qəbul olunandan bəri quruma ilk dəfə sədrlik edəcək Azərbaycan qarşıdakı altı ayda təşkilatın əsas istiqamətləri olan insan haqları, qanunun aliliyi və demokratiya sahələrinə xüsusi diqqət ayıracaqdır. Eyni zamanda, Azərbaycan sədrlik müddətində korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə, fərqli mədəniyyətlərə malik cəmiyyətlər arasında qarşılıqlı rəğbət və anlaşmanın inkişaf etdirilməsinə, sosial birliyin təmin edilməsi kontekstində qayğıya ehtiyacı olan qrupların müdafiəsinə, insan haqları və demokratik vətəndaşlıq sahəsində gənclərin təhsil alması və maarifləndirilməsi istiqamətində səylərin artırılmasına və bu istiqamətlərdə fəaliyyətlərin genişlənməsinə çalışacaqdır. O diqqətə çatdırmışdır ki, qeyd edilən sahələr üzrə yaxın aylarda Azərbaycan tərəfindən bir sıra beynəlxalq tədbirlər təşkil olunacaqdır.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddəti rəsmi olaraq mayın 14-də başlayacaq və noyabr ayında əlifba sırasına uyğun olaraq sədrlik Belçikaya keçəcəkdir.