Xəbərlər
Ülvi Mehdiyev: Bu il bəzi ölkələrdə “ASAN xidmət” mərkəzlərinin açılışı olacaq
Bu il Tovuz, Balakən, Kürdəmir, Ağcabədi və Bakıda “ASAN xidmət” mərkəzlərinin açılması nəzərdə tutulub. Bundan başqa, paytaxtda daha bir “ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayacaq. Həmçinin Sumqayıt və Gəncədə əlavə, Salyan və Lənkəranda yeni “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev yanvarın 28-də keçirilən mətbuat konfransında məlumat verib.
“Bizim əsas fəaliyyət hədəflərimizdən biri “ASAN xidmət”in beynəlxalq arenada təbliğatını aparmaq və intellektual məhsulumuzu daha çox ölkəyə ixrac etməkdir. Həmin istiqamətdə 13 ölkə ilə ciddi işlər görülür. Bu il ərzində bəzi ölkələrdə “ASAN xidmət” mərkəzlərinin açılışı olacaq.
Hazırda ASAN Beynəlxalq Assosiasiyasının formalaşdırılması prosesi gedir. Ötən ilin dekabrında ASAN Beynəlxalq Assosiasiyasının nizamnamə layihəsi 8 ölkə arasında müzakirə olundu və ilkin razılaşma əldə edildi. Hazırda həmin üzv ölkələr ilkin layihəsi təsdiq olmuş nizamnaməni öz ölkələrində ratifikasiya etməlidirlər. Bundan sonra yenə də bir araya gələrək assosiasiyanın fəaliyyətə başlamasını bəyan edə bilərik. Bu prosesin ilin birinci yarısında yekunlaşması gözlənilir", - deyə Ü.Mehdiyev bildirib.
“ABAD” haqqında məlumat verən agentliyin sədri deyib: “ABAD” ən böyük sosial layihələrdən biridir. Bu günə qədər 421 ailə “ABAD”a üzv olub. “ABAD” yalnız müəyyən istehsal qabiliyyəti olan ailələrə istehsal avadanlıqları verir, onların istehsal etdiyi məhsulları qablaşdırır, brendləşdirir, sertifikatlarının alınması, daşınması və satışını təmin edir. Bu günə qədər “ABAD”çılar “ABAD” vasitəsilə 2 milyon manatdan yuxarı vəsait əldə ediblər. Bu da xüsusilə aztəminatlı ailələrin sosial rifahının artırılmasında ciddi amillərdən biridir. 2020-ci ilin sonunadək Tovuzda “ABAD Factory” və “ABAD Məktəb”, Nardaranda “ABAD” Keramika və Tətbiqi Sənəd Mərkəzi, Qubada “ABAD” Qablaşdırma Müəssisəsinin açılışı nəzərdə tutulur”.
Agentliyin sədrinin sözlərinə görə, həmçinin Bakıda və regionlarda yeni “INNOLAND” mərkəzlərinin, Silikon vadisində “Azərbaycan İnnovasiya Evi”nin açılması və paytaxtda beynəlxalq “StartupFest” tədbirinin keçirilməsi də planlaşdırılır.