Xəbərlər
Nizami rayon sakinlərinin seçimi YAP-ın namizədləridir
Seçicilər Vəliyeva Sədaqət Süleyman qızının ötən on ildəki deputat fəaliyyətindən razılıqlarını bildiriblər və qəti şəkildə deyiblər ki, yenidən ona səs verəcəklər
Doqquz fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 25 saylı Nizami ikinci seçki dairəsindən Vəliyeva Sədaqət Süleyman qızının və 24 saylı Nizami birinci seçki dairəsindən Mustafayev Elnur Elşad oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərinə start verilib.
Sakinlərilə keçirilən görüşdə YAP-ın namizədlərinin ötən 5 il ərzindəki fəaliyyəti barədə hesabat verilib və növbəti 5 illik üçün proqram və platformaları barədə seçicilərə məlumat çatdırılıb.
Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev bildirib ki, dünyada hökm sürən iqtisadi böhranlara, ciddi kataklizmlərə baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür: “Bir çox ölkələrdə iqtisadi böhranlar insanları sıxır, baş verən münaqişələr nəticəsində böyük qaçqın ordusu yaranır. Belə bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz sabit, əmin-amanlığın hökm sürdüyü ölkə kimi tanınır. Dövlətimizin başçısının rəhbərliyi ilə əldə olunan nəticələr vətəndaşlarımızı, eləcə də biz ağsaqqalları sevindirir. Ona görə də, bütün seçkilərdə olduğu kimi qarşıdan gələn parlament seçkilərində də ağsaqqallar YAP-ın namizədlərinə dəstək verəcək
Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmalarından, şəhid ailələrinin, əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərdən, pensiya, müavinət və təqaüdlərinin mütəmadi olaraq artırılmasından və ötən ildə bu istiqamətdə inqilabi addımlar atılmasından məmnunluqla bəhs etdi və qeyd etdi ki, hər zaman olduğu kimi bu dəfə də şəhid ailələri və müharibə əlilləri YAP-ın namizədlərinə səs verəcək.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Nizami rayon şöbəsinin nümayəndəsi Abbas Mazanov da qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərilən diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Hər zaman olduğu kimi bundan sonra da Müharibə və Silahlı Qüvvələr veteranları göstərilən diqqəti daim uca tutacaq, ərazilərimizin erməni təcavüzündən xilas olunması, ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi kimi ciddi və məsul vəzifələrin həllində bundan sonra da Prezident İlham Əliyevə dayaq olacaq, Heydər Əliyev siyasi kursunu daim müdafiə edəcəyik. Elə doqquz fevral tarixində keçiriləcək parlament seçkilərində də bir daha Prezident İlham Əliyevin siyasətinə sadiqliyimizi nümayiş etdirəcəyik, YAP-ın namizədlərinə səs verəcəyik”.
Sakinlərdən Qabil Əliyev, gənc seçici Əli Abdullayev və başqaları öz növbələrində yekdil olaraq bildiriblər ki, YAP-ın Nizami rayonundan irəli sürülmüş namizədləri deputat olduqları dövrdə hər zaman insanlara xüsusi diqqət göstəriblər. Bu səbəbdən də seçicilər qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklər.
Sonda çıxış edən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 25 saylı Nizami ikinci seçki dairəsindən Vəliyeva Sədaqət Süleyman qızı və 24 saylı Nizami birinci seçki dairəsindən Mustafayev Elnur Elşad oğlu seçicilərə öz təşəkkürlərini bildiriblər.
Sədaqət Vəliyeva bir daha qeyd edib ki, ötən 10 il ərzində ona səs vermiş seçicilərin etimadını doğrultmağa çalışıb. Sədaqət Vəliyeva seçiciləri aktiv olmağa və fevralın doqquzunda məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb.
İclasdan sonra namizədlərlə görüşən seçicilər bir daha Vəliyeva Sədaqət Süleyman qızının ötən on ildəki deputat fəaliyyətindən razılıqlarını bildiriblər və qəti şəkildə deyiblər ki, Azərbaycanı sabit və dinamik tərəqqi edən ölkə kimi idarə edən Prezident İlham Əliyevin Sədri olduğu, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən YAP-ın namizədi Vəliyeva Sədaqət Süleyman qızına yenidən səs verəcəklər.