Xəbərlər
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
2020-ci il fevral ayının 9-da Milli Məclisə keçiriləcək seçkilərdə seçki dairələrinin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiya kimi Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, kütləvi informasiya vasitələrində pulsuz təşviqat aparmaq hüququ qazanmışdır. Lakin partiya bu hüququndan imtina etmək qərarına gəlmişdir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Komissiyasına ünvanladığı müvafiq məktubunda bu qərarını Milli Məclisə seçkilərdə iştirak edən digər siyasi partiyalar və bitərəf namizədlərin seçkiqabağı təşviqatı zamanı bərabərlik prinsipinin gözlənilməsi ilə əlaqələndirmişdir. YAP Seçki Məcəlləsinin 80-ci maddəsinin tələbinə uyğun olaraq televiziya və radioda seçkiqabağı təşviqatın aparılması məqsədilə nəzərdə tutulan pulsuz efir vaxtından, eləcə də 83-cü maddəsinin tələbinə uyğun olaraq dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqatı pulsuz aparmaq hüququndan istifadə etməmək barədə qərarını qurumun diqqətinə çatdırmışdır.