Xəbərlər
Hikmət Hacıyev: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi və labüd addımları atmalıdır. Bu addım da, ilk növbədə, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır.
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi qeyd edib ki, münaqişənin həlli populizm obyekti olmamalıdır. Ermənistan işğalçı dövlətdir, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün var. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək istəyiriksə, münaqişənin fundamental əsasını təşkil edən amil, yəni, işğal amili aradan qaldırılmalıdır. Sonra münaqişənin həllində müxtəlif etimad quruculuğu xarakteri daşıyan tədbirlərin həyata keçirilməsi kimi məsələlər ola bilər. Ermənistanın üzərinə düşən beynəlxalq, hüquqi və siyasi məsuliyyət ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarsın. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərini dayandırmalıdır. Məhz bundan sonra Ermənistan tərəfi iddia edə bilər ki, danışıqlar prosesində konstruktiv və səmimi şəkildə iştirak edir.
Prezident Administrasiyasının rəsmisi Ermənistanın baş nazirinin 20 Yanvar şəhidlərini ekstremistlər adlandırmasına da münasibət bildirib: “Bu, cəfəngiyatın bariz nümunəsidir, ondan başqa nə gözləmək olardı?! Nikol Paşinyan Soljenitsını faşist cəlladı, faşist qüvvələrinin tərkibində qulluq etmiş Qaregin Njde ilə müqayisə etmişdi”.
Hikmət Hacıyev deyib ki, 20 Yanvar faciəsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və şəhidlərin xatirəsi əziz tutulur. İyirmi Yanvar beynəlxalq səviyyədə, bütün diplomatik nümayəndəliklərimizdə də qeyd olunur. Bu faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir, həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.