Gündəm
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur
“Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik”. Bu sətirlər Prezident İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbrikində yer almışdır.
Təbrikdə qeyd olunur ki, sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.