Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət elçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və dinamik inkişaf etdirildiyini vurğuladı. Prezident İlham Əliyev Böyük Britaniya şirkətlərinin ölkəmizdə qeyri-enerji sektorunun inkişafında fəal iştirak etməsindən məmnunluğunu bildirdi və bunu tərəfdaşlığımızın yaxşı əlaməti kimi dəyərləndirdi. Dövlətimizin başçısı İlham Əliyev Çarlz Hendrinin Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakının önəmini vurğuladı. Azərbaycan Prezidenti ölkələrimiz arasında neft-qaz, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu dedi.
Bakıda keçirilən “BakuTel 2014” telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirakından məmnunluğunu bildirən Çarlz Hendri bu sahədə əməkdaşlığın gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğuladı. Çarlz Hendri Böyük Britaniya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən metro tikintisi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.