Xəbərlər
Azərbaycan ilə Latviya arasında əlaqələr yüksək səviyyədədir
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyanın Prezidenti Eqils Levits ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Latviya Prezidenti Eqils Levitsə çatdırıb.
Latviya Prezidenti, öz növbəsində, ən xoş arzularının və salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Görüş zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edilib və iki ölkə arasındakı münasibətlərin perspektivləri müzakirə olunub.
Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Bu xüsusda, nazir Elmar Məmmədyarov Prezident Eqils Levitsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıb.
Prezident Eqils Levits dövlətlərin ərazi bütövlüyü prinsipinin təmin edilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişələrin məhz bu əsasda həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb.
Görüşdə, həmçinin Latviya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələr, Şərq Tərəfdaşlığı çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlığın perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər, eləcə də regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafı, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıblar.
Görüşdən sonra nazir Elmar Məmmədyarov xatirə kitabını imzalayıb.