Partiya xəbərləri
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak etdiyini söyləyib. O deyib ki, gənclər intellektual imkanları, yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verirlər: “Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq göstərirlər. Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılan əlverişli imkanlar, mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında mümkün olub. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
Sədaqət Vəliyeva əlavə edib ki, bələdiyyə seçkilərində namizədlərin sırasında gənclərin çoxluq təşkil etməsi YAP-ın onlara olan diqqət və qayğısının nəticəsidir.
Çıxış edən Gənc seçici Gülnar İbadanova artıq 18 yaşının tamam olduğunu və aktiv seçici kimi səsvermə hüququna malik olduğunu deyib: “Xoş təsadüfdür ki, bu səsvermə hüququmdan bələdiyyə seçkilərində istifadə edəcəm və xalq üçün Yeni Azərbaycan Partiyasının namizdələrinə səs verəcəm”.
Gənc seçici Orxan Kərimov bildirib ki, seçkilərdə də gənclərə və xanımlara üstünlük verildi və bu da özlüyündə sübut edir ki, Azərbaycan dövləti və Yeni Azərbaycan Partiyası gənclərin inkişafına böyük töhfələr verirlər: “Biz bütün seçkilərdə aktiv olmalıyıq. Seçki məntəqələrinə getməliyik, səsimizi verməliyik. İnanın, bununla da biz gənc ikən dövlətimizin inkişafına kiçicik də olsa, töhfəmizi vermiş olacağıq. Mənim seçimim əlbəttə ki, xalq üçün çalışan Yeni Azərbaycan Partiyasıdır. Dekabrın 23-də mən və ailəm YAP-ın namizədlərinə səs verəcəyik”.
Gənc seçici Sona Məmmədli də vurğulayıb ki, ilk dəfə səsvermə hüququndan qarşıdan gələn seçkilərdə istifadə edəcək: “Mən cənab Prezident İlham Əliyevə təşəkkür etmək istəyirəm. Çünki Konstitusiyaya dəyişikliklər oldu və mənim kimi gənclər 18 yaşından seçkilərdə iştirak edə, namizədliyini irəli sürə bilər. Bunun özü bir mənəvi stimul və dəstəkdir ki, dövlətimiz gənclərimizə bəxş edib. Sonda bir daha bütün gəncləri xalq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə səsləyirəm”.
Gənc seçici Murad Həsənxanlı isə dekabrın 6-da Şamaxıda Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşündən danışıb. O, bildirib ki, bu gün Azərbaycan gəncliyinin inkişafına dövlət səviyyəsində dəstək və töhfələr var.
Gənc seçici Samirə Məmmədli də söyləyib ki, biz gənclər müstəqil ölkəmizin gələcəyi olan kəslər kimi seçki amilinə çox diqqətlə yanaşmalıyıq: “Seçkilərdə iştirak etmək bizim siyasi şüur, siyasi mədəniyyət səviyyəmizi göstərir. Seçkilərdə iştirak etmək bizim Vətənimizə, dövlətçiliyimə sədaqətimizi, sahibliyimizi bildirir. Seçkilərdə iştirak etməklə biz dünyaya varlığımızı nümayiş etdiririk. Bu mənada bütün gənclərimizi Vətənimizə, dövlətçiliyimizə sədaqətimizi, bağlılığımızı, sahibliyimizi nümayiş etdirmək üçün seçkilərdə iştirak edək və xalq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verək”.
Bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş gənc Tural Həsənov isə qeyd edib ki, Nizami rayon gəncləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək və onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlar.
Milli Məclisin deputatı Şahin İsmayılov isə çıxışında deyib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində dolğun fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Deputat gəncləri seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə dəvət edib.
Sonda çıxış edən digər seçicilər də xalq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.
YAP-ın namizədlərinin seçicilərlə görüşü yüksək əhval-ruhiyyə şəraitində baş tutub, onların müxtəlif sualları cavablandırılıb.