YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya Prezidentinin diqqət mərkəzindədir

Rusiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun dekabrın 2-3-də Azərbaycana rəsmi səfəri ilə bağlı şərh yayıb.

Şərhdə Sergey Lavrovun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacağı, habelə azərbaycanlı həmkarı Elmar Məmmədyarovla müzakirələr aparacağı qeyd olunur. Vurğulanır ki, bu müzakirələrdə beynəlxalq və regional problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə məsələnin detallı şəkildə müzakirəsi aparılacaq. Həmçinin, Rusiya və Azərbaycanın xarici siyasət idarələri arasında 2020-ci il üçün Məsləhətləşmələr Planı imzalanacaq.

Şərhdə qeyd olunub ki, Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin artıq ənənəyə çevrilmiş qarşılıqlı səfərləri siyasi dialoqun mühüm aktiv elementinə çevrilib və iki ölkənin siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığına istiqamətlənib. Bildirilib ki, 2019-cu ilin noyabrınadək olan məlumata görə, iki ölkə arasında bugünədək 150 beynəlxalq-hüquqi sənəd imzalanıb. İnkişaf edən Rusiya-Azərbaycan strateji münasibətləri ali və yüksək səviyyələrdə intensiv siyasi dialoq əsasında təmin edilir. Belə ki, cari ildə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində və Valday Forumu çərçivəsində iki görüş keçirilib.

Rusiya XİN-in şərhində vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-25-də Rusiyaya səfər edib, Moskvada Prezident Vladimir Putin tərəfindən qəbul edilib, Baş Nazir Dmitri Medvedev və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşlər keçirib. Sənəddə Moskvada keçirilən Regionlararası Forumun əhəmiyyəti də vurğulanıb.

Nazirliyin şərhində parlamentlərarası əlaqələr, qanunverici orqanların rəhbərlərinin və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri də diqqətə çatdırılıb, Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əlaqələrə dair statistik rəqəmlər yer alıb.

Sonda qeyd edilib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilik səylərində fəal rol oynamağa davam edir. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tərəflərinə kömək göstərilməsi Rusiyanın xarici siyasət prioritetləri arasındadır və Rusiya Prezidentinin diqqət mərkəzindədir. Biz münaqişənin müstəsna olaraq siyasi-diplomatik yolla, tərəflər arasında dialoq vasitəsi ilə həllinin tərəfdarıyıq. Bundan sonra da istər ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərkibində, istərsə də Azərbaycan və Ermənistanla bizim sıx münasibətlərimizi nəzərə alaraq nizamlanmaya nail olmağa kömək edəcəyik”, -deyə şərhdə qeyd olunur.