YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Dünyanın əksər geosiyasi güc mərkəzləri Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verir və yerləşdiyi regionun bütün transmilli məsələlərinin həllində onun rəyini nəzərə alırlar

“Müstəqillik illərində Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda reallaşdırılan transmilli enerji, nəqliyyat-kommunikasiya və dəhliz layihələrinin işə düşməsi faktiki olaraq onu Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın lider dövlətinə çevirdi. Bəzi nüfuzlu qərb tədqiqatçılarının fikri ilə ifadə etsək: “Bu, Azərbaycana Cənubi Qafqazda ətraf ölkələrin geosiyasi kursunu müəyyən edən” lider dövlət mövqeyi qazandırdı. Əlbəttə, bütün bunlar ölkəyə regional və beynəlxalq səviyyədə iqtisadi, siyasi, sosial-mənəvi üstünlüklər qazandırmaqla yanaşı, həm də onun qarşısında həm ölkə daxilində, yerləşdiyi Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda, həm də bütün dünyada xüsusi düşünülmüş və davamlı geosiyasi fəaliyyət tələbləri qoydu.

Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə hazırda Azərbaycanın beynəlxalq aləm üçün müasir geosiyasi dəyər ölçülərini artıran, milli inkişafını dönməz edən, regional və beynəlxalq perspektivini yüksəldən, xarici aləmlə tərəfdaşlıq münasibətlərinə müsbət təsir göstərən əsas amillər daha çox ölkənin təbii-mineral ehtiyatları, Qərb ilə Şərq arasındakı mövcud siyasi, hərbi, ticarət və s. əlaqələrdə tutduğu mövqe, malik olduğu nəqliyyat-kommunikasiya və tranzit imkanları, yürütdüyü geoiqtisadi siyasət və s. ilə bağlıdır”. Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov BDU –da “Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri” mövzusunda keçirilən konfransda çıxış edərkən demişdir.

Dövlətimizin qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələri, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursu şərh edən Əli Həsənov demişdir ki, Azərbaycan özünün “Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmək” kimi geosiyasi və geostrateji iddialarını heç vaxt gizlətməmişdir. Bu gün Azərbaycan öz iqtisadi inkişaf potensialına və milli resurslarına görə faktiki olaraq regionun lider ölkəsinə çevrilmişdir.

Əli Həsənov demişdir ki, Azərbaycanın regionda və dünyadakı geosiyasi mövqeyini möhkəmləndirən əsas amil Xəzərin zəngin karbohidrogen ehtiyatlarının istehsalı və alternativ yollarla dünya bazarlarına daşınması sahəsində həyata keçirdiyi müstəqil və Qərbyönümlü enerji siyasəti olmuşdur.

Azərbaycanın əsas strateji mənafeləri və geosiyasi maraqları, ilk növbədə, dövlət suverenliyinin qorunub saxlanılmasını, ərazi bütövlüyünün bərpa edilməsini, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasını və təhlükəsizliyinin təmin olunmasını tələb edir deyən Əli Həsənov bildirmişdir ki, ölkə daxilində dayanıqlı siyasi və liberal iqtisadi sistemin formalaşdırılması və inkişafı, sosial-iqtisadi tərəqqinin davam etdirilməsi, xarici aləmlə ortaq maraqların tapılması və uzlaşdırılması, ölkənin milli maraqlarının təminatı ilə bağlı qazanılmış beynəlxalq dəstəyin getdikcə artırılması və s. vəzifələrin reallaşması üçün ardıcıl tədbirlər görülür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrindən danışan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirmişdir ki, qloballaşma dövründə istənilən ölkənin cəlb olunduğu münaqişə təkcə həmin ölkənin deyil, həm də ümumilikdə, regionun və dünyanın geosiyasi və təhlükəsizlik mühitinə mənfi təsir göstərir, ölkələrin müxtəlif yönlü maraqlarına zərbə vurur. Hazırda rəsmi Bakı Azərbaycanın və ümumilikdə, regionun geosiyasi, geoiqtisadi maraqları və perspektivi baxımından, bütün münaqişələrin tezliklə, sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edir.

Azərbaycanın bütün fəaliyyəti və geosiyasi addımları ilə Xəzər hövzəsində, həmçinin Cənubi Qafqazda sabitləşdirici rol oynayan bir ölkə olduğunu diqqətə çatdıran Əli Həsənov demişdir ki, bütün bu reallıqların, imkan və geosiyasi perspektivlərin bölgədə və dünyada Azərbaycana əlavə geosiyasi üstünlüklər qazandıracağı şübhəsizdir. Bu gün dövlət müstəqilliyi möhkəmlənmiş və hərtərəfli inkişaf edən Azərbaycan həm özünün daxili məsələlərini uğurla həll etmək iqtidarındadır, həm də regionda, beynəlxalq aləmdə geosiyasi, geoiqtisadi və s. maraqlarını qorumağa, öz prinsipial mövqeyini müdafiə etməyə qadirdir. Artıq dünyanın əksər geosiyasi güc mərkəzləri Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlığa üstünlük verir və yerləşdiyi regionun bütün transmilli məsələlərinin həllində onun rəyini nəzərə alırlar. Bu geosiyasi vəziyyət və imkanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycanın mövqeyini gücləndirir ki, bu da ölkənin gələcək inkişafı haqqında nikbin ovqat yaradır.