YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şuşaya azadlıq 22 dildə” videoçarxının təqdimatı olmuşdur

Mayın 5-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Şuşaya azadlıq” kampaniyası çərçivəsində hazırlanmış “Şuşaya azadlıq 22 dildə” videoçarxının təqdimatı olmuşdur.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək bildirmişdir ki, uzun illər keçməsinə baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişin olmaması təəssüf doğurur.

A.Quliyev bildirmişdir ki, ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində vasitəçiliyi indiyədək heç bir nəticə verməmişdir. Azərbaycan xalqının vasitəçilərdən hesabat tələb etməkdə tam haqqı vardır.

Sonra “Şuşaya azadlıq 22 dildə” videoçarxı təqdim edilmişdir.

Videoçarxın müəllifi, “Qhtxeber.az” saytının baş redaktoru Sənan Nəcəfov bildirmişdir ki, bu filmin “Şuşaya azadlıq” kampaniyası çərçivəsində internet vasitəsilə geniş miqyasda yayılması və digər bir neçə mühüm tədbirlərin keçirilməsi nəzərdə tutulur. O, müharibə şəraitində yaşayan və torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanın informasiya müharibəsində fəal olmasının çox böyük əhəmiyyət kəsb etdiyini demişdir.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova Avropanın bir sıra ölkələrində Şuşanın işğalı ilə bəyanatlar yayılacağını, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində təbliğat xarakterli digər tədbirlərin təşkil olunacağını bildirmişdir.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov “Şuşaya azadlıq” kampaniyasının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının davamı kimi səmərəli olacağını vurğulamışdır.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, deputat Qənirə Paşayeva çıxış edərək kampaniyanın əhəmiyyəti haqqında danışmışlar. Bildirilmişdir ki, “Şuşaya azadlıq 22 dildə” videoçarxı bütün dünyada geniş şəkildə yayımlanmalı, kampaniya çərçivəsində beynəlxalq təşkilatlara müraciət və çağırışlar ünvanlanmalıdır. Q.Paşayeva Azərbaycan haqqında reallıqların beynəlxalq aləmə çatdırılması ilə bağlı onun iştirakı ilə keçiriləcək tədbirlər haqqında məlumat vermişdir.

Tədbirdə çıxış edənlər əminliklə bildirmişlər ki, Azərbaycan mütləq öz ərazi bütövlüyünü bərpa edəcəkdir və bu tarix uzaq deyildir.

DİGƏR Xəbərlər Arxiv