Xəbərlər
Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti olub
Noyabrın 26-da məşhur Vyana Ştraus Festival Orkestrinin Bakıda ilk dəfə konserti olub.
Heydər Əliyev Mərkəzində keçirilən konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, “Valsın kralı” İohan Ştrausun, eləcə də digər Vyana klassiklərinin ölməz əsərləri səslənib.
Orkestrin yaradıcısı və bədii rəhbəri, məşhur dirijor, virtuoz skripkaçı Peter Qut ilk ifadan sonra səmimi ünsiyyəti ilə də tamaşaçıların diqqətini cəlb etdi. O, Bakıda olmaqdan və nadir memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində konsert verməkdən böyük şərəf duyduğunu bildirdi. Vyanada möhtəşəm tikililərin olduğunu diqqətə çatdıran Peter Qut bu Mərkəzin daha geniş və möhtəşəm olduğunu etiraf etdi.
Orkestr 35 illik fəaliyyətində Yaponiya, Çin, Koreya Respublikası, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə çıxış edərək böyük tamaşaçı auditoriyasının qəlbini fəth edib.
Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti tamaşaçılara unudulmaz anlar bəxş edib.