Xəbərlər
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
Bu gün Azərbaycan Respublikasında sosial sfera, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Respublikamızda Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən strateji kursa uyğun olaraq dövlət siyasətində cəmiyyətdən gələn sosial sifarişlər əsas götürülür. Ötən illər ərzində Prezident İlham Əliyev bilavasitə ölkə vətəndaşlarının maraqlarının yüksək səviyyədə təmin edilməsinə, onların rifah halının yaxşılaşmasına, gəlir imkanlarının artırılmasına hesablanan çoxsaylı Fərman və sərəncamlar imzalayıb.
Hazırda Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Bu prosesdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlər xüsusi yer tutur. Adıçəkilən təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri də həmin insanların mənzillə təmin edilməsidir. Ötən illər ərzində dövlət tərəfindən minlərlə mənzil tikilərək şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə verilib.
Ölkəmizin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində müxtəlif tipli sosial layihələrin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Hazırda partiya bu istiqamətdə tədbirləri davam etdirir. Bunlardan biri də Yevlax rayonu Yuxarı Qarxun kənd sakini,birinci qrup Qarabağ Müharibəsi əlili, ehtiyatda olan polis polkovnik-leytenantı, 1947-ci il təvəllüdlü Həsənov Tahir Hüseyn oğlu üçün fərdi evin tikilməsidir.
Məlumat üçün bildirək ki, Həsənov Tahir Hüseyn oğlu 20.11.1968-ci ildən 02.01.1970-ci il tarixədək keçmiş Sovet ordusu sıralarında siravi əsgər kimi, 02.01.1970-ci ildən 15.06.1992-ci il tarixədək zabit kimi, 15.06.1992-ci ildən19.04.1999-cu il tarixədək isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçib.
O, 1979-1981-ci illərdə keçmiş Sovet ordusu sıralarında zabit kimi Əfqanıstanda xidmət etmişdir. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış və nəticədə sol əl barmaqlarını və sol ayağını itirmişdir.
T.Həsənov 2000-ci ildən 2005-ci ilədək Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində Qarabağ əlilləri və Şəhid ailələrinin mənzil növbəliliyinə alınmış, 2005-ci ildə növbəliliyi Binəqədi rayonuna keçirilmişdir. 2013-cü ildə isə sağlamlığının məhdudlaşması və ailə vəziyyəti ilə bağlı daimi qeydiyyat yeri olan Yevlax rayonu Yuxarı Qarxun kəndində məskunlaşmışdır.
13.09.2013-cü il tarixində Yevlax şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunmaq üçün Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyinə alınmasını xahiş etmişdir. Həsənov Tahir Hüseyn oğlunun ərizəsi nəzərə alınaraq o, həmin vaxtdan qanunamüvafiq olaraq Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliyində 119-cu sırada qeydiyyata alınmışdır.Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 01.03.2014-cü il tarixə dürüstləşdirilmiş mənzil növbəliliyi siyahısı Yevlax şəhər İcra Hakimiyyətinin 06.03.2014-cü il tarixli 208 nömrəli qeydiyyat məktubu ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur.
Ötən dövr ərzində fərdi yaşayış evləri və ya ictimai mənzillərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər üzürlü səbəblərdən mənzil növbəliliyindən çıxarılmış şəxslərdən sonra hazırda Həsənov Tahir Hüseyn oğlu Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyində 73-cü sıraya yerləşdirilmişdir.
Həsənov Tahir Hüseyn oğlunun mövcud sosial durumu nəzərə alınaraq ona fərdi evin tikilməsini Yeni Azərbaycan Partiyası öz üzərinə götürmüşdür. Artıq fərdi evin tikintisi üçün Yevlax rayonunda müvafiq ərazi ayrılmışdır.