Xəbərlər
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
“Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım Komitəsində (DAC) iştirakçı statusu əldə etməsi ölkəmizin fəal beynəlxalq əməkdaşlığının göstəricisidir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
S.Hüseynova bildirib ki, Azərbaycanın xarici siyasətində ölkələrlə yanaşı beynəlxalq təşkilatlar da aktiv əlaqələrin qurulması vacib yer tutur. Onun sözlərinə görə, ölkəmiz mötəbər beynəlxalq təşkilatlarda geniş şəkildə təmsil olunur və qarşılıqlı münasibətlərin inkişafına böyük önəm verir.
“Bu baxımdan, Azərbaycanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanması ölkəmizin növbəti uğurudur. Nəzərə alsaq ki, Azərbaycan həmin təşkilatda bu statusda təmsil olunan yeganə ölkədir, onda bu faktın özü mühüm bir göstəricidir. Bu qurumda dünyanın aparıcı və ən yüksək iqtisadi göstəricilərə malik olan ölkələri birləşir. Hesab edirəm ki, Azərbaycanın belə bir mötəbər təşkilatda təmsil olunması Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin bariz nümunəsidir. Fikrincə, təşkilatda təmsilçiliyi ilə dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək”-deyə, S.Hüseynova vurğulayıb.