Xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva məşhur müğənni və bəstəkar Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.
Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim etdi.
Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirdi. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladı, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğuladı. Birinci vitse-prezident bildirdi ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusuf da var.
Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim etdi.
Görüşdə Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzuladı.
Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirdi.