YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Dünyanın beynəlxalq hüquqa hörmət edilməsinə həmişəkindən daha çox ehtiyacı var

Son iqtisadi, sosial və ekoloji göstəricilər nümayiş etdirir ki, tərəqqi və inkişaf modelləri dəyişdirilməli və uyğunlaşdırılmalıdır. Silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasət, ətraf mühitin deqradasiyası, insan haqlarının pozulması, maliyyə böhranları, habelə terror, separatizm, transmilli mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi digər təhdidlər dünyada milyonlarla insana təsir etməkdə davam edir. Dünyanın həmişəkindən daha çox beynəlxalq hüquqa hörmət edilməsinə və buna riayət olunmasını təmin edəcək effektiv qlobal institutlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu son dərəcə vacibdir.

Bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Nazirlər Konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifə qəbul edildiyi vaxtda olduğu kimi, aktuallığını davam etdirən təməl prinsiplərini təşviq etmək və dəstəkləməklə Hərəkatın rolunu geosiyasi mənzərədəki yeni reallıqlara uyğunlaşdırmaqdır.

Dünyanın bu gün üzləşdiyi sülh və təhlükəsizliyə qarşı təhdidlər beynəlxalq hüquqi sistemin gücləndirilməsinə və münaqişələrin qarşısını almaq və həll etmək üçün bütün səviyyələrdə ikiqat səylər göstərməyə çağırır. Bu xüsusda, dövlətlərarası münasibətlərdə rəhbər tutulan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunması vacibdir. “Təəssüf ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı bu dəfə də sizinlə bölüşmək üçün yaxşı xəbərim yoxdur. Ermənistan, göründüyü kimi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair məcburi xarakter daşıyan tələblərin əks olunduğu qətnamələrinə məhəl qoymamaqda davam edir. Bu ölkə beynəlxalq ictimaiyyətin əvvəlki xəbərdarlıq və qınaqlarına baxmayaraq, o cümlədən münaqişənin siyasi həlli istiqamətində davam edən səylər fonunda, Azərbaycanın işğal olunmuş ərazilərinin müstəmləkəyə çevrilməsi və ilhaqını möhkəmlətmək məqsədilə qəsdən qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir. Bunlara digərləri ilə yanaşı, məskunlaşdırma, tarixi və mədəni irsin məhv edilməsi və mənimsənilməsi, işğal olunmuş ərazilərdə aktivlərin, təbii sərvətlərin və digər maddi nemətlərin istismarı və talan edilməsi və qanunsuz ticarəti daxildir”,-deyə nazir bildirib.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının növbəti Zirvə toplantısına ev sahibliyi etməkdən şərəf duyur. Qoşulmama Hərəkatının üzv dövlətlərinin Bakı Sammitində ən yüksək səviyyədə iştirak etmək istəkləri bizi çox ruhlandırır. Bu, şübhəsiz ki, Bakıda Hərəkatın müharibə əleyhinə və sülhü sevən bir qüvvə rolunu daha da artırmasına zəmin yaradacaq məhsuldar və nəticəyönümlü müzakirələrimizə öz töhfəsini verəcək.