Xəbərlər
Baş nazirin müavini: Son 16 ildə ölkəmizdə böyük inkişaf baş verib
“Yeni Azərbaycan Partiyası xalq üçün, Azərbaycanın gələcəyi üçün yaradılıb. Ümummilli Lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı və dövlətimizi xilas etdi”. Bu fikirləri Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Həsənov Sumqayıtda keçirilən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər və Qubadlı rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və fəalları ilə müşavirədə deyib.
Əli Həsənov bildirib ki, bu gün Azərbaycan inkişaf etmiş dövlətdir, ölkəmizin dünyada böyük nüfuzu var. Onun sözlərinə görə, son 16 ildə ölkəmizdə böyük inkişaf baş verib.
“Bu müddət ərzində görülən işlərə Prezident-xalq birliyi nəticəsində nail olunub. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi iqtisadi artım, inkişaf yoxdur. Bu nə Amerikada, nə Rusiyada nə də başqa ölkədə var. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır. Doğrudur, həmişə inkişafımızı əngəlləmək istəyən qüvvələr olub, onlar bu gün də var. Amma Prezidentimizlə xalqın birliyi nəticəsində həmin qüvvələrin məqsədləri iflasa uğrayıb”-deyə, Əli Həsənov qeyd edib.